1-ci sinfə gecikən uşaqlar üçün elektron qəbul başlayır

  • Müəllif: Şəbnəm
  • 12 Sentyabr 2026 14:35

16 sentyabr saat 11:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci sinfinə üzrlü səbəbdən gecikən uşaqlar üçün boş qalan yerlərə məktəb və müəllim seçimi prosesi başlayacaq. Proses 30 sentyabr saat 15:00-dək davam edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunan tarixədək övladları üçün mektebeqebul.edu.az portalında sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq övladlarının ümumi təhsil müəssisəsinə qəbul prosesini yekunlaşdıra bilərlər.

Elektron qəbul prosesi yalnız üzrlü səbəbdən birinci sinfə qeydiyyatı gecikən və müəyyən edilmiş müddətdə elektron sistemdə sorğu yerləşdirən uşaqları əhatə edir.

Qeyd edək ki, 2026–2027-ci tədris ili üzrə bu günədək 124 mindən çox uşaq birinci sinfə qəbul olunub.

 

 

Gununsesi.info