Məni Məleykə Abbaszadə ilə üz-üzə qoymağa çalışırlar

  • Müəllif: Orxan
  • 12 Sentyabr 2026 13:58

Sabiq təhsil naziri Misir Mərdanov sosial şəbəkələrdə fikirlərinin təhrif olunduğunu və bəzilərinin onu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ilə üz-üzə qoymağa çalışdıqlarını bildirib.

Gununsesi.info-nun məlumatına görə, Misir Mərdanov deyib ki, bir neçə gün əvvəl “Pozan Media TV”yə verdiyi müsahibə zamanı jurnalistin suallarını cavablandırarkən təhsil sahəsində mövcud olan bəzi məsələlərə də münasibətini bildirib.

“Heç kəsin şəxsiyyətinə toxunmadan, müəyyən problemlərlə bağlı subyektiv fikirlərimi ifadə etdim.

Təəssüf ki, sonradan sosial şəbəkələrdə müsahibədə səsləndirdiyim fikirlər təhrif olunaraq, onların Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadəyə qarşı yönəldiyi iddia edildi. Bildirmək istəyirəm ki, bu iddia həqiqəti əks etdirmir”, – eks-nazir bildirib.

Məleykə Abbaszadəni uzun illərdir tanıdığını deyən keçmiş nazir ona hörmətlə yanaşdığını vurğulayıb:

“Mən Məleykə Abbaszadəni 30 ildən artıqdır ki, yaxından tanıyıram. Uzun illər ərzində onunla birlikdə çoxsaylı tədbirlərdə iştirak etmişəm. Ona hər zaman hörmətlə yanaşmışam və bu gün də həmin hörmətimi qoruyub saxlayıram”.

Gununsesi.info