Fransa Əlişir Usmanovun müdafiəsinə qalxdı

  • Müəllif: Orxan
  • 12 Sentyabr 2026 12:10

Fransa da Slovakiyaya qoşularaq rusiyalı sahibkar Əlişir Usmanovun Avropa İttifaqının (Aİ) sanksiya siyahısından çıxarılmasını tələb edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Euronews” dörd avropalı diplomata istinadən məlumat yayıb.

Qeyd edilib ki, rəsmi Parisin mövqeyi bir sıra Aİ ölkələrində ciddi narazılıq yaradıb və Rusiyaya qarşı sanksiyaların uzadılması ilə bağlı danışıqları çətinləşdirə bilər. Slovakiya artıq bir neçə ildir Ə.Usmanovun və digər rusiyalı sahibkar Mixail Fridmanın sanksiya siyahısından çıxarılmasına çalışır. Bratislava həmçinin fərdi sanksiyaların altı aydan bir uzadılması müddətinin saxlanılmasını dəstəkləyir.

Avropalı diplomatın sözlərinə görə, Fransanın mövqeyi digər Aİ ölkələrində, xüsusilə Avropada hibrid təhdidlərin artdığı bir vaxtda ciddi narazılıq doğurub. Diplomat Parisin təşəbbüsünün əsasən iqtisadi motivlərlə bağlı ola biləcəyini ehtimal edib və bir sıra ölkələrin bu mövqeni anlamadığını bildirib.

Qeyd edək ki, hazırda Aİ-nin sanksiya rejimi Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli və Ukraynadakı müharibəyə töhfə verdiyi hesab olunan 3 mindən çox fiziki və hüquqi şəxsi əhatə edir. Fərdi sanksiyaların müddəti sentyabrın 15-də başa çatır. Buna görə də Aİ ölkələri həmin tarixədək yekdil qərara gəlməlidir. İndiyədək fərdi sanksiyalar hər altı aydan bir uzadılıb. Hazırda bu müddətin 12 aya qədər artırılması məsələsi müzakirə olunur. Aİ-nin sektoral sanksiyaları isə artıq iyul ayında bir il müddətinə uzadılmağa başlanıb.

Xatırladaq ki, Əlişir Usmanov 2022-ci ildən Aİ-nin sanksiyaları altındadır. Özbəkistanda anadan olan rusiyalı milyarder sərvətini metallurgiya, mədən sənayesi, telekommunikasiya və texnologiya sahələrinə yatırımlar hesabına formalaşdırıb. Aİ-də onun Kremlə bağlı olduğu hesab edilir. Ə.Usmanov isə bu iddiaları rədd edir.

Gununsesi.info