Sentyabrın 11-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.
Səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndi Konqres Mərkəzində çıxış edib.
O, diplomatik korpusun nümayəndələrinə Qarabağda aparılan bərpa və quruculuq işləri barədə məlumat verib.
Bir neçə il əvvəl diplomatlar Qarabağa səfər edərkən onların üzündə dərin sarsıntı ifadəsini görürdük. Dağılmış evlər, xarabalıqlar, viran edilmiş ərazilər onların diqqətini çəkirdi.
Bu gün isə qürur hissi ilə deyə bilərik ki, onların Qarabağda görülən işlərə yaxşı mənada heyrətləndiyinin şahidi olduq. Qısa müddət ərzində Qarabağın bu vəziyyətə gətirilməsi, burada aparılan bərpa və quruculuq işlərinin nəticələri həqiqətən də diqqət çəkir.
Məhz bu mövzuda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gununsesi.info-ya danışıb:
“Bəli, bu heyranlığı diplomatik korpusun nümayəndələri də etiraf edirlər. Qısa müddət ərzində bu miqyasda bərpa və quruculuq işlərinin görülməsi onların özləri tərəfindən də yüksək qiymətləndirilir. Bu işlərin sürətlə yanaşı, nizamlı, intizamlı və planlı şəkildə həyata keçirilməsi diplomatlar tərəfindən xüsusi olaraq qeyd olunur.
Onların daima belə gözləntiləri, xahiş və müraciətləri olur ki, bu səfərlər mütəmadi şəkildə həyata keçirilsin. Ona görə də məmnunluqla deyə bilərik ki, torpaqlarımız azad olunandan, 2020-ci ilin noyabrından etibarən 22 belə səfər təşkil edilib. Bu səfərlər vasitəsilə biz bu reallığı beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırıq.
Azərbaycanın zəngin təcrübəsini, Azərbaycan xalqının qurub-yaradan və Qarabağı bərpa edən, orada yeni həyat quran xalq olduğunu, ölkəmizin mədəniyyətini və zəngin dövlətçilik ənənələrini beynəlxalq ictimaiyyətə çatdırırıq.
Azərbaycanın əldə etdiyi zəngin təcrübə var. Postmünaqişə dövründə belə geniş ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirilməsi, hesab edirik ki, beynəlxalq ictimaiyyət, BMT təmsilçiləri və digər beynəlxalq qurumların nümayəndələri üçün də böyük maraq doğurur.
Məsələn, bu səfərimizdə BMT-nin əməliyyatlar üzrə departamentinin rəhbər şəxsləri öz müraciətləri əsasında iştirak ediblər. Bu qurum əsasən belə bərpa və quruculuq işlərində iştirak edir. Avropa İttifaqının nümayəndələri də səfərdə iştirak etmək üçün müraciət ediblər. Bu məsələyə hər kəs böyük maraq göstərir”.
@gununsesi.info Hikmət Hacıyev: “BMT və Avropa İttifaqı bərpa olunan ərazilərlə bağlı bizim təcrübəmizlə maraqlanır”- ÖZƏL Prezidentin köməkçisi Hikmət Hacıyev Gununsesi.info-ya eksklüziv müsahibəsində diplomatik korpus təmsilçilərinin Qarabağa səfərini şərh edib.
Şəbnəm Rəhimova










