ABŞ-nin İranda hərbi yolla hakimiyyəti devirmək və ölkəni Venesuela ssenarisi üzrə zəbt etmək cəhdləri tamamilə iflasa uğrayıb.
Gununsesi.info xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “India Today” telekanalına müsahibəsində deyib.
Pezeşkian ABŞ-nin regional siyasətini kəskin tənqid edərək, Vaşinqtonun Yaxın Şərqdəki hərbi bazalarından İrana qarşı istifadə etdiyini diqqətə çatdırıb:
“Bizim region ölkələri və qonşularımızla heç bir problemimiz yoxdur. Əsas problem həmin ölkələrdə yerləşən ABŞ bazalarıdır. Amerika həmin bazalardan istifadə edərək infrastrukturumuzu vurur, alimlərimizi və rəhbərlərimizi hədəf alır. ABŞ-nin məqsədi regionun neft ehtiyatlarını mənimsəmək, ölkələrə silah satmaq və xalqlar arasına nifaq salaraq bizi bir-birimizə qarşı qoymaqdır”.
İran dövlət başçısı ABŞ-nin tətbiq etdiyi birtərəfli sanksiyaları və blokadaları humanitar vəhşilik adlandırıb:
“Hərbi yolla müvəffəqiyyət qazanmayan ABŞ indi dərman, ərzaq və ticarət yollarını bağlayaraq xalqımızı aclıq və xəstəliklə təslim olmağa məcbur etmək istəyir. Lakin bu təzyiqlər İran xalqını daha da həmrəy etdi və biz heç vaxt təslim olmayacağıq”.
ABŞ ilə birbaşa danışıqlar ehtimalına toxunan Pezeşkian vurğulayıb ki, Vaşinqton əvvəlcə pozduğu öhdəliklərə görə itirilmiş etimad mühitini bərpa etməlidir:
“Biz dəfələrlə danışıqlar aparıb sənəd imzaladıq, lakin Tramp gəlib həmin razılaşmaları rahatlıqla kənara atdı. Birbaşa dialoqun bərpası üçün ABŞ sanksiyaları tamamilə ləğv etməli, birtərəfli təcavüzkar siyasətinə və güc tətbiqinə son qoymalıdır”.










