DİA akkreditasiya məsələsinə aydınlıq gətirdi

Elm və Təhsil Nazirliyinin açıqladığı məlumatda 2025–2026-cı tədris ili üzrə institusional akkreditasiya qiymətləndirilməsi keçirilən ali təhsil müəssisələri sırasında Dövlət İdarəçilik Akademiyasının da adı yer alsa da, amma yekun nəticələrdə uğur qazana bilməyib.

Bundan sonra apardığımız araşdırmalara əsasən məlum olub ki, DİA qiymətləndirmədən mənfi cavab alıb.

Rektor Urxan Ələkbərov məsələni müzakirə etmək üçün elm və təhsil naziri Emin Əmrullayevə zəng etsə də, lakin nazir onun zənglərini cavabsız qoyub.

Məlum olub ki, mənfi cavabla İdarəçilik Akademiyası Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) Dövlət İdarəçilik Akademiyasının verməli olduğu 5 illik Şəhadətnamədən məhrum olub.

Məsələ ilə bağlı Dövlət İdarəçilik Akademiyasına sorğu göndərdik.

Gununsesi.info-nun sorğusuna cavab olaraq belə bildirildi ki, ölkədə ali təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı müvafiq səlahiyyətlər qanunvericiliyə uyğun olaraq Elm və Təhsil nazirliyinə həvalə edildiyi üçün akkreditasiya prosesinin nəticələri və bununla bağlı rəsmi məlumatlar həmin səlahiyyətli dövlət qurumu tərəfindən, hər bir ali təhsil müəssisəsi üzrə akkreditasiya prosesi tam başa çatdıqdan sonra açıqlanır.

“Bununla yanaşı, qeyd edirik ki, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 2025–2026-cı tədris ilində də fəaliyyətini uğurla davam etdirib. Cari tədris ilində DİM tərəfindən keçirilən universitetlərə qəbul imtahanlarında bir sıra ixtisaslar üzrə ən yüksək nəticə göstərən abituriyentlərin məhz DİA-nı seçməsi ali məktəbə olan marağın və etimadın göstəricilərindən biridir.

Akademiyanın məzunlarının da göstəriciləri ölkə üzrə ən yüksəklərdəndir. Məzunlarımız cari ildə Dövlət qulluğuna qəbul, “Yüksəliş” müsabiqəsi və Dövlət Proqramı çərçivəsində xarici universitetlərdə magistraturaya qəbul üzrə universitetlər arasında ilk sıralardadırlar.

Eyni zamanda, müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə çalışan çoxsaylı dövlət qulluqçuları DİA məzunlarıdır.

Akademiyanın elmi fəaliyyətinin göstəricilərindən biri kimi, cari ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə siyasi elmlər üzrə doktorantura pilləsində dissertasiya müdafiəsi üzrə şuranın fəaliyyətinin yenidən DİA-ya həvalə edilməsini də qeyd etmək olar”. 

 

 

 

Şəbnəm

Gununsesi.info