XII Bakı Beynəlxalq Kitab Sərgisi: bir həftənin kitab mənzərəsi

Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisi bu gün öz işini yekunlaşdırdı. Bir həftə ərzində kitabsevərləri, yazıçıları, nəşriyyatları və mədəniyyət nümayəndələrini bir araya gətirən sərgi yeni nəşrlərin təqdimatı, müəlliflərlə görüşlər və imza günləri ilə yadda qaldı.

 

Sərginin ilk günlərində ziyarətçi axını nisbətən sakit olsa da, həftəsonu mərkəzdə nəzərəçarpacaq canlanma müşahidə olundu. Xüsusilə şənbə və bazar günləri ailələrin, gənclərin və uşaqların sərgiyə marağı artdı. Ümumilikdə, builki sərgidə əvvəlki illərlə müqayisədə oxucu axınının daha çox olduğu müşahidə edildi. Bu mənzərə kitab sərgilərinə marağın artdığını və belə tədbirlərin ictimai əhəmiyyətini bir daha ön plana çıxardı.

 

Sərgi boyunca müxtəlif mövzuları əhatə edən kitablar oxuculara təqdim olundu. Bədii ədəbiyyat, uşaq kitabları, elmi və tarixi nəşrlərlə yanaşı, yeni müəlliflərin əsərləri də ziyarətçilərin diqqətini cəlb etdi. Oxucular nəşrlərlə yaxından tanış olmaq, kitab seçmək, müəlliflərlə söhbət etmək və sevdikləri yazarlardan imza almaq imkanı qazandılar.

 

Müəlliflərlə görüşlər sərginin ən maraqlı tərəflərindən biri oldu. Bu görüşlər yazıçı ilə oxucu arasında birbaşa ünsiyyət yaratmaqla yanaşı, ədəbi müzakirələrə və yeni fikirlərin meydana çıxmasına da şərait yaratdı. Xüsusilə gənclərin və uşaqların kitablarla yaxından tanış olması mütaliə vərdişlərinin formalaşdırılması baxımından əhəmiyyət daşıyırdı.

 

Bu il “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” şüarı ilə keçirilən sərgi müasir dövrdə kitabın cəmiyyətdəki yerinə də diqqət çəkdi. Rəqəmsal texnologiyaların gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi bir vaxtda mütaliənin təşviqi, uşaqların kitaba marağının artırılması və gənc nəslin düşüncə dünyasının zənginləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

 

Beynəlxalq miqyasda sərginin diqqətçəkən xüsusiyyətlərindən biri oldu. Müxtəlif ölkələri təmsil edən iştirakçılar, nəşriyyatlar və müəlliflər kitab sənayesində təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanları üçün platforma qazandılar. Belə tədbirlər Azərbaycan ədəbiyyatının tanıdılması, yerli nəşriyyatların inkişafı və beynəlxalq ədəbi əlaqələrin genişləndirilməsi baxımından mühüm rol oynayır.

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Bakı Beynəlxalq Kitab Sərgisinin əhəmiyyəti yalnız bir həftə ərzində nümayiş olunan nəşrlərlə məhdudlaşmır. Bu cür təşəbbüslər kitabı gündəlik həyatın bir hissəsinə çevirmək, oxucu auditoriyasını genişləndirmək və cəmiyyətdə mütaliə mədəniyyətini gücləndirmək üçün mühüm imkan yaradır.

 

Gələcək illərdə sərginin daha geniş proqramla zənginləşdirilməsi, gənc müəlliflər üçün xüsusi platformaların yaradılması, uşaqlar və yeniyetmələrə yönəlmiş interaktiv tədbirlərin artırılması, eləcə də elektron və audiokitablarla bağlı yeniliklərin təqdim olunması tədbirin əhatə dairəsini daha da genişləndirə bilər. Eyni zamanda, sərgi çərçivəsində yaranan marağın ilboyu davam etməsi üçün kitabxanalar, məktəblər, universitetlər və nəşriyyatlar arasında əməkdaşlığın gücləndirilməsi vacibdir.

 

Bir həftə davam edən kitab bayramı başa çatsa da, onun əsas mesajı aktuallığını qoruyur. Kitab yalnız informasiya mənbəyi deyil, həm də düşüncənin, dünyagörüşünün və mədəni inkişafın əsas vasitələrindən biridir. Bakı Beynəlxalq Kitab Sərgisinin yaratdığı imkanların davamlı təşəbbüslərlə dəstəklənməsi isə gələcək nəsillərin mütaliəyə marağının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

 

Firuzə Mahmudova

Gununsesi.info