Bakıda Alman Birliyi Günü: Berlinlə münasibətlərdə yeni mərhələ mesajı

  • Müəllif: Orxan
  • 07 Oktyabr 2026 10:09

Milli Məclisin deputatlarının, ayrı-ayrı QHT rəhbərlərinin, media qurumları təmsilçilərinin və Azərbaycanda akkreditə olunmuş diplomatik korpus təmsilçilərinin qatıldığı tədbirdə Almaniya Federativ Respublikasının səfiri cənab Dirk Lölke çıxış edib.

Gununsesi.info həmin çıxışı təqdim edir:

“Hörmətli Nərqiz Qurbanova,

Hörmətli Azərbaycan Respublikasının parlamentinin və hökumətinin nümayəndələr,

Hörməli səfir həmkarlarım, diplomatik korpusun üzvləri,

Liebe deutsche Landsleute,

Xanımlar və cənablar!

Güman edirəm ki, hər bir yeni səfir belə hesab edir ki, onun yeni ölkəyə gəlişi ilə ikitərəfli münasibətlər yeni mərhələyə qədəm qoyacaq və tezliklə misli görünməmiş bir səviyyəyə çatacaq. Mən də istisna deyiləm. Həyat yoldaşımla Bakıya gəldiyimiz iyul ayının həmin günündə Zati-aliləri Prezident Əliyev Almaniyanın Federal kansleri ilə “Strateji gündəlik” sənədini imzalamaq üçün Berlinə yola düşdü və bununla da münasibətlərimizi həqiqətən yeni və misli görünməmiş bir səviyyəyə qaldırdı.

Prezident Əliyevin və onun nümayəndə heyətinin Berlinə bu səfəri çox ümidverici bir başlanğıcdır və mən gələcək illərdə bu gündəlik üzrə Sizinlə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm.

Almaniya Azərbaycanla Ermənistan arasındakı sülh prosesini  yüksək qiymətləndirir. Bu, zaman tələb edəcək, lakin regionda davamlı barışıq iqtisadi tərəqqinin və beynəlxalq əməkdaşlığın təməli olmalıdır.

Xanımlar və cənablar!

Bu axşam Alman Birliyi Gününün 36-cı ildönümü münasibətilə təşkil olunmuş təntənəli mərasimimizdə Sizləri salamlamaqdan çox məmnunam.

Şübhəsiz ki, bu, 90-cı illərin başlanğıcında Almaniyanın birləşməsinə və Azərbaycanın müstəqilliyə qovuşmasına yol açan elə həmin „dəyişiklik küləyi“ idi. Bir çox digər dövlətlər kimi, bizim xalqlarımız da o vaxt azad və müstəqil gələcəyə doğru yeni bir qapı açdı.

Biz, almanlar, birləşmə yolunda bizi dəstəkləyən qonşularımıza, müttəfiqlərimizə və dostlarımıza həmişə minnətdar olacağıq. Bu dövrün baxışlarını və prinsiplərini müdafiə etməyi özümüzə borc bilirik. Biz bunu bizim evimiz və ailəmiz olan Avropa İttifaqının üzvü kimi edəcəyik.

Biz lazım olduğu qədər Ukraynanı dəstəkləməyə davam edəcəyik.

Nəhayət, biz universitetlərimiz arasındakı akademik müzakirələri və hər iki cəmiyyət arasındakı mübadiləni artırmağa çalışacağıq. Buaxşamkı qonaqlarımızdan biri, Azərbaycan Dillər Universitetinin rektoru, hörmətli professor Kamal Abdulla yenicə Drezden səfərindən qayıdıb və orada “Dədə Qorqud” dastanına həsr olunmuş konfransda iştirak edib. Mən filologiya, alman dilinin tədrisi, eləcə də digər bütün elm sahələri üzərində işləməyi səbirsizliklə gözləyirəm..

Xanımlar və cənablar!

Almaniya və Azərbaycanın işgüzar dairələrindən olan sponsorlarımıza xüsusi təşəkkürümü bildirmək istəyirəm. Sizin dəstəyiniz sayəsində bu tədbiri ərsəyə gətirə bildik. Səfirliyin əziz əməkdaşları, bu axşamın təşkilinə görə Sizə təşəkkür edirəm.

Bir daha hamınızı xoş gördük və diqqətinizə görə təşəkkür edirəm, hər birinizi bir daha salamlayıram!”

Tədbirdə həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin
İqtisadi əməkdaşlıq idarəsinin rəisi Nərgiz Qurbanova da çıxış edib.

O, Alman Birliyi Günü münasibətilə dost Almaniya xalqını Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi adından səmimi-qəlbdən təbrik edib, Almaniyaya sülh, firavanlıq və tərəqqi arzulayıb.

Nərgiz Qurbanova həmçinin bildirib ki,  Azərbaycan-Almaniya münasibətləri son illərdə fəal siyasi dialoq və qarşılıqlı etimada əsaslanan dinamik inkişaf mərhələsinə qədəm qoyub:

“Azərbaycan Cənubi Qafqazda Almaniyanın ən mühüm və etibarlı tərəfdaşı olaraq ikitərəfli dövlətlərarası əlaqələrin və əməkdaşlığın hərtərəfli inkişafına xüsusi önəm verir. Cari ilin iyul ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya rəsmi səfəri və səfər çərçivəsində “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin imzalanması dövlətlərarası münasibətlərimizin keyfiyyətcə yeni mərhələsinin – strateji tərəfdaşlığının əsasını qoydu. İqtisadi sahədə əməkdaşlığımızın böyük perspektivləri var. Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması yeni investisiya və biznes imkanlarının müəyyənləşdirilməsi, eləcə də birgə layihələrin təşviqi baxımından mühüm platformaya çevrilə bilər. Cari ilin sentyabr ayında Bakıda keçirilmiş 2-ci İnvestisiya Forumunda imzalanmış və mübadilə edilmiş ikitərəfli sənədlər bu əməkdaşlığın inkişafı istiqamətində atılmış mühüm addımlardandır. Enerji sahəsində əməkdaşlığımız genişlənir. Bu ildən Azərbaycan Almaniyaya qaz ixracına başlayıb. Beləliklə, bizim qazımız bu gün Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır. Bu, Avropanın enerji təhlükəsizliyinə verilən böyük töhfədir. Humanitar sahədə əməkdaşlıq xalqlarımız arasında əlaqələrin genişləndirilməsində böyük rol oynayır. Bu gün alman dili Azərbaycanda ən çox öyrənilən xarici dillərdən biridir. Minlərlə azərbaycanlı Almaniyada təhsil alıb və hazırda təhsilini davam etdirir. Berlində Azərbaycan Mədəniyyət Mərkəzi mədəniyyətlərin qarşılıqlı şəkildə tanıdılmasında rol oynayır. Əminik ki, Azərbaycan və Almaniya arasında formalaşmış qarşılıqlı etimad və strateji gündəlik ölkələrimizi yeni əməkdaşlıq sahələrinə istiqamətləndirəcək, həm ikitərəfli münasibətlərimizin, həm də Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafına töhfə verəcəkdir”, – deyə o, eyni zamanda qeyd edib.

Elmar

Gununsesi.info