Media sahəsində rəqabətin xarakteri dəyişir.
Uzun illərdir Azərbaycan xəbər saytlarının fəaliyyətində əsas müzakirə mövzularından biri maliyyə təminatı, oxucu auditoriyası, informasiya keyfiyyəti və redaksiyaların peşəkarlığıdır.
İndi isə bu məsələlərə daha konkret ölçmə və qiymətləndirmə mexanizmi əlavə olunur. Media və Yayım Şurasının onlayn media subyektlərinin qiymətləndirilməsi ilə bağlı yeni qaydaları bu baxımdan diqqət çəkir.
Yeni yanaşmaya əsasən, saytların qiymətləndirilməsində ekspert rəyi ilə yanaşı, real trafik və sosial şəbəkə göstəriciləri də nəzərə alınacaq. Qiymətləndirmədə ekspert rəyi 50 faiz, səhifə baxışları 25 faiz, sosial şəbəkə göstəriciləri isə 25 faiz təşkil edəcək.
Bəs bu nə deməkdir?
Əslində, burada söhbət media fəaliyyətinin yeni mərhələyə keçməsindən gedir. Artıq təkcə sayt açmaq, gün ərzində müəyyən sayda xəbər yerləşdirmək və fəaliyyət göstərdiyini nümayiş etdirmək kifayət etməyəcək. Media subyekti həm də öz auditoriyasını formalaşdırmalı, oxucu ilə əlaqə qurmalı, istehsal etdiyi informasiyanın cəmiyyət üçün nə dərəcədə maraqlı olduğunu göstərməlidir.
Mən bu yanaşmanın müsbət tərəflərini görürəm.
Əvvəla, uzun müddətdir media bazarında keyfiyyətlə kəmiyyətin bir-birinə qarışdığı müşahidə olunur. Bəzi saytlar gün ərzində onlarla, hətta yüzlərlə xəbər dərc edir. Ancaq bu xəbərlərin nə qədərinin ictimai əhəmiyyət daşıdığı, nə qədərinin oxucuya yeni informasiya verdiyi, nə qədərinin jurnalistikanın peşəkar standartlarına cavab verdiyi sual doğurur.
Xəbər istehsalı jurnalistikanın özüdür, amma jurnalistika yalnız xəbər istehsalından ibarət deyil. Araşdırma, təhlil, müsahibə, müəllif yazısı, ictimai nəzarət, problemlərin gündəmə gətirilməsi və informasiya əldə etmək hüququnun qorunması da medianın əsas funksiyalarıdır.
Yeni qiymətləndirmə mexanizminin müsbət nəticələrindən biri redaksiyaları məhz bu istiqamətlərdə düşünməyə sövq etməsi ola bilər. Çünki saytın fəaliyyətini yalnız dərc etdiyi materialların sayı ilə ölçmək düzgün deyil.
İkinci mühüm məsələ real auditoriyadır. Media orqanı cəmiyyətə təsir göstərmək, ictimai rəy formalaşdırmaq və insanları məlumatlandırmaq iddiasındadırsa, onun oxucusu da olmalıdır. Oxunmayan, auditoriyası ilə əlaqə qura bilməyən, cəmiyyətin informasiya ehtiyaclarına cavab verməyən bir saytın nə qədər effektiv fəaliyyət göstərdiyini müzakirə etmək lazımdır.
Real səhifə baxışlarının və sosial şəbəkələrdəki qarşılıqlı əlaqənin qiymətləndirilməsi müəyyən mənada ədalətli yanaşmadır. Ən azı, media subyektlərinin öz fəaliyyətlərinin nəticələrinə görə məsuliyyət daşıması üçün əlavə meyar yaranır.
Üçüncü məsələ isə süni göstəricilərlə bağlıdır.
İzləyici sayını, baxışları və qarşılıqlı əlaqəni süni yollarla artırmaq media bazarının ən ciddi problemlərindəndir. Rəqəmləri şişirdərək özünü böyük media orqanı kimi təqdim etmək, əslində, həm reklam bazarını, həm də media rəqabətini təhrif edir. Belə hallara qarşı mexanizmlərin yaradılması müsbət addımdır.
Ancaq burada bir vacib məqam var. Böyük auditoriya həmişə böyük jurnalistika demək deyil.
Məsələn, bir saytın gündəlik yüz minlərlə baxışı ola bilər. Bu baxışların böyük hissəsini şou-biznes, kriminal hadisələr, sensasiyalar və gündəlik məişət xəbərləri cəlb edə bilər. Digər bir sayt isə gündəlik daha az oxucuya malik olsa da, araşdırma jurnalistikası, iqtisadi təhlil, beynəlxalq münasibətlər və ciddi ictimai-siyasi mövzularla məşğul ola bilər. Buna görə də məsələn, tənqidə yer ayrılsa, daha yaxşı olar.
İndi təsəvvür edək ki, ikinci saytın auditoriyası məhduddur, amma onun hazırladığı araşdırma dövlət qurumunun fəaliyyətindəki ciddi nöqsanı üzə çıxarır və ictimai müzakirəyə səbəb olur. Birinci saytın daha çox oxunması ikinci saytın jurnalistikasından daha dəyərli olduğu anlamına gəlirmi? Əlbəttə, yox.
Ona görə də yeni qaydalarda ekspert qiymətləndirməsinin 50 faiz təşkil etməsi əhəmiyyətlidir. Bu, auditoriya göstəricilərinin jurnalistikanın mahiyyətini tamamilə əvəz etməsinin qarşısını ala biləcək mühüm mexanizmdir. Ancaq həmin ekspert qiymətləndirməsinin hansı prinsiplərlə, hansı meyarlar əsasında və nə dərəcədə şəffaf aparılması ayrıca əhəmiyyət daşıyır.
Məncə, ekspertlər saytların yalnız texniki fəaliyyətini və materialların sayını deyil, həm də jurnalistikanın ictimai funksiyasını qiymətləndirməlidirlər. Xəbərlərin mənbələrinin etibarlılığı, müəllif hüquqlarına riayət edilməsi, orijinallıq, araşdırma və analitik materialların mövcudluğu, faktların yoxlanılması, təkzib və düzəliş mədəniyyəti kimi meyarlar da ciddi nəzərə alınmalıdır.
Digər tərəfdən, sosial şəbəkələrdəki göstəricilərin qiymətləndirilməsi də müəyyən ehtiyat tələb edir. Çünki hər platformanın auditoriyası və istifadəçi davranışı fərqlidir. TikTok-da yüksək baxış əldə edən materialla Facebook-da müzakirə doğuran analitik yazını eyni meyarla ölçmək mümkün deyil. Üstəlik, sosial şəbəkələrdəki populyarlıq heç də həmişə informasiyanın ictimai əhəmiyyətini göstərmir.
Burada başqa bir problem də var. Maliyyə imkanları böyük olan media qurumlarının daha geniş auditoriyaya çıxmaq imkanları kiçik redaksiyalarla müqayisədə təbii olaraq daha çoxdur. Deməli, qiymətləndirmə mexanizmi bu fərqi də nəzərə almalıdır. Əks halda, yeni qaydalar keyfiyyətli, lakin məhdud resurslarla çalışan redaksiyaların mövqeyini zəiflədə bilər.
Bütün bunlara baxmayaraq, hesab edirəm ki, media sahəsində nəticəyönümlü qiymətləndirməyə keçid lazımdır. Dövlət dəstəyi alan media subyektinin fəaliyyəti ölçülə, təhlil edilə və ictimai maraq baxımından qiymətləndirilə bilməlidir. Bu dəstəyin real jurnalistikaya, peşəkar redaksiyalara və ictimai əhəmiyyətli informasiya istehsalına xidmət etməsi vacibdir.
Ancaq bir şərtlə. Qiymətləndirmə mexanizmi medianı daha yaxşı jurnalist olmağa təşviq etməli, onu daha çox klik toplamağa məcbur etməməlidir.
Çünki jurnalistikanın əsas vəzifəsi oxucunun diqqətini istənilən vasitə ilə cəlb etmək deyil, onun etibarını qazanmaqdır. Klik müvəqqətidir, etibar isə medianın əsas kapitalıdır.
Yeni qaydaların həqiqi uğuru da məhz bununla ölçüləcək.
Elmar











