Deputat Məleykə Abbaszadənin yaşı ilə bağlı müzakirələrə münasibət bildirdi

  • Müəllif: Orxan
  • 19 Noyabr 2026 13:23

Məleykə Abbaszadənin Bakı Dövlət Universitetinə rektor təyin olunmasından sonra gündəmə gələn əsas müzakirə mövzularından biri də yaş məsələsidir.

Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, rəhbər vəzifələrə təyinat zamanı yaşdan daha çox şəxsin biliyi, təcrübəsi, dürüstlüyü və peşəkarlığı əsas götürülməlidir.

Fazil Mustafa qeyd edib ki, yaşın çox və ya az olması insanın intellektual imkanlarını müəyyən etmir.

Onun fikrincə, təhsilə fayda verə biləcək, bu sahəyə can yandıran və lazımi təcrübəyə malik şəxslərin yaşına görə kənarda saxlanılması doğru yanaşma deyil.

Deputat vurğulayıb ki, dövlət nəsillər arasında rəqabət yaratmaq əvəzinə, ağıllı, savadlı və əxlaqlı insanların vəzifələrə gəlməsinə şərait yaratmalıdır.

O, həm gənclər, həm də yaşlı nəsil arasında savadlı və dürüst kadrların olduğunu xatırladaraq, əsas meyarın insanın həyat təcrübəsi və elmi fəaliyyəti olmalı olduğunu qeyd edib.

Məleykə Abbaszadənin təyinatına gəlincə, Fazil Mustafa onun reputasiya baxımından savadlı və müvafiq sahədən gələn dövlət adamı olduğunu bildirib.

Deputat hesab edir ki, Abbaszadə universitetdə müəyyən qayda-qanunların və yeniliklərin tətbiqi üçün imkanlara malik kadrlardandır.

O, Məleykə Abbaszadənin BDU-ya rektor təyin olunmasının narahatlıqla qarşılanmasına ehtiyac olmadığını da deyib.

Orxan

Gununsesi.info