Avropa Şurasının Baş katibi Alen Berse uşaqlara qarşı cinsi istismar və cinsi zorakılıq hallarının mediada işıqlandırılması zamanı zərərçəkmişlərin hüquqlarının, şəxsi həyatının və təhlükəsizliyinin qorunmasının vacibliyini vurğulayıb.
Gununsesi.info bildirir ki, bu barədə Avropa Şurasının noyabrın 18-də yaydığı məlumatda bildirilib.
Baş katib uşaqların cinsi istismar və cinsi zorakılıqdan müdafiəsi günündə jurnalistləri belə hadisələri sensasiyalaşdırmamağa, zərərçəkmişləri günahlandıran ifadələrdən çəkinməyə və peşə etikası prinsiplərinə əməl etməyə çağırıb.
“Jurnalistlər uşaqlara qarşı cinsi zorakılıq ətrafındakı sükutu pozmaqda mühüm rol oynayırlar. Lakin bu hadisələrin işıqlandırılması dəqiq və etik olmalı, sensasiyadan və qurbanların günahlandırılmasından uzaq durmalıdır. Cinayətin ifşası uşaqların hüquqları, təhlükəsizliyi və ləyaqəti hesabına baş verməməlidir”, – deyə Alen Berse bildirib.
Günay Mahirqızı












