“Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, faktiki nikah münasibətində yaşayan şəxslərin əmlak hüquqları rəsmi nikahda olan ər-arvadın hüquqi statusu ilə eyniləşdirilmir. Ailə Məcəlləsinin 1.4 və 2.3-cü maddələrinin mahiyyətinə görə, yalnız dövlət qeydiyyatına alınmış nikah hüquqi nəticələr doğurur”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli deyib:

“Bu səbəbdən uzun müddət birgə yaşamaq, ümumi təsərrüfat aparmaq və ailə münasibətlərində olmaq tərəflər arasında avtomatik olaraq ər-arvadın ümumi birgə mülkiyyət rejimini yaratmır.
Lakin bu, faktiki nikah münasibətində olan şəxsin əmlak hüquqlarından tamamilə məhrum olması demək deyil. Belə şəxslər mülki qanunvericiliyin ümumi müddəalarına əsaslanaraq, birgə əldə etdikləri əmlak üzərində mülkiyyət hüquqlarını tələb edə bilərlər. Bunun üçün əmlakın əldə edilməsində iştiraklarını, maliyyə vəsaiti qoyuluşlarını və ya digər hüquqi əsasları müvafiq sübutlarla təsdiq etmələri vacibdir.
Burada əsas hüquqi problem sübutetmə məsələsidir. Rəsmi nikahda əmlakın birgə mülkiyyət hesab edilməsi üçün qanuni prezumpsiya mövcud olduğu halda, faktiki nikah münasibətlərində tərəflərdən biri öz mülkiyyət hüququnun əsaslarını ayrıca sübut etməlidir. Birgə yaşayış faktı və ailə münasibətlərinin mövcudluğu təkbaşına əmlak üzərində pay hüququ yaratmır.
Xüsusilə vurğulamaq lazımdır ki, uşaqlara qulluq etmək, ev təsərrüfatını aparmaq və ailənin gündəlik qayğılarını üzərinə götürmək faktiki nikah münasibətlərində yaşayan şəxsin avtomatik olaraq digər tərəfin adına rəsmiləşdirilmiş əmlakda pay əldə etməsi demək deyil. Bu baxımdan hüquqi müdafiə mexanizmlərinin əvvəlcədən müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır.
Nəticə etibarilə, faktiki nikah münasibətində yaşayan şəxslərin əmlak hüquqları tamamilə istisna edilmir, lakin həmin hüquqlar rəsmi nikahdan irəli gələn hüquqlardan fərqli hüquqi əsaslarla qorunur. Əmlakın hər iki tərəfin adına rəsmiləşdirilməsi, payların müəyyən edilməsi, maliyyə iştirakını təsdiq edən sənədlərin saxlanılması və müvafiq mülki-hüquqi müqavilələrin bağlanması gələcək mübahisələrin qarşısının alınması baxımından mühüm vasitələrdir”.
Onun fikrincə, bu məsələyə yalnız ailə münasibətlərinin sosial və mənəvi tərəfi kimi deyil, həm də mülkiyyət hüququnun təminatı və hüquqi təhlükəsizlik məsələsi kimi yanaşılmalıdır.
Şəbnəm












