Böyük Britaniya Azərbaycanla əməkdaşlığı genişləndirir

“Böyük Britaniya ilə Azərbaycan arasında elan olunan Strateji Tərəfdaşlıq iki ölkə arasında əlaqələrin inkişafında yeni mərhələ olacaq”.

Gununsesi.info xəbər verir ki, bu Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman bugünkü mətbuat konfransında bildirib:

“Yeni tərəfdaşlıq üç əsas istiqaməti əhatə edir. Bunlar ticarət və sərmayə qoyuluşu, təhsil və yenilik, eləcə də müdafiə və təhlükəsizlik sahələridir.

Tərəfdaşlığın əsas məqsədi iqtisadi əlaqələri genişləndirmək, yeni iş imkanları yaratmaq və hər iki ölkənin vətəndaşları üçün faydalı əməkdaşlıq qurmaqdır.

Enerji sahəsinin iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Xəzər dənizində istehsal olunan təmiz enerjinin Avropaya çatdırılması ilə bağlı “Xlinks” və “Green Energy Corridor Company” arasında imzalanan anlaşma sənədi bu sahədə mühüm addımdır.

Britaniya şirkətlərinin Azərbaycanın nəqliyyat, infrastruktur və rəqəmsal sahələrinə sərmayə qoyması üçün də iş aparılır. Həmçinin Bakı və London fond birjaları arasında əlaqələrin inkişafı, Azərbaycan şirkətlərinin hər iki birjada təmsil olunması dəstəklənir”.

Təhsil sahəsində əməkdaşlığa toxunan səfir bildirib ki, Böyük Britaniya Azərbaycan tələbələrinin ən çox üz tutduğu ölkələrdən biridir: ““Chevening” təqaüd proqramı vasitəsilə azərbaycanlı gənclər Britaniyada magistr təhsili almaq imkanı əldə edirlər. Səfir 2027/28-ci tədris ili üçün son yeddi ilin ən çox müraciət qeydə alınıb.

Uorvik Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında bərpa olunan enerji sahəsində birgə magistr proqramı genişləndirilib”.

Dunkan Norman Qarabağ və Naxçıvanda görülən işlərdən də danışıb.

O qeyd edib ki, Britaniyanın “Chapman Taylor” şirkəti Şuşa, Xankəndi, Ağdam və Füzulidə layihələr həyata keçirir. Şirkət, həmçinin Naxçıvan şəhərinin 20 illik inkişaf planını hazırlayır.

Səfir Böyük Britaniyanın 2020-ci ildə ANAMA-ya dəstək göstərən ilk ölkə olduğunu xatırladaraq, keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə doğma yurdlarına qayıtması üçün minatəmizləmə işlərinə dəstəyin davam etdiriləcəyini vurğulayıb.

 

 

Elmar

Gununsesi.info