İqtisadçı Natiq Cəfərli Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirələri zamanı deputat Zahid Orucun xarici investisiyaların cəlb olunması ilə bağlı təklifini tənqid edib.
Gununesi.info xəbər verir ki, Natiq Cəfərli qeyd edib ki, Zahid Oruc Qazaxıstan və Özbəkistanda xarici kapitallı müəssisələrin sayını nümunə göstərərək dünyanın 100 ən iri korporasiyasının Azərbaycanda daimi təmsil olunmasını təmin etmək üçün hökumətə xüsusi fəaliyyət proqramı hazırlamağı təklif edib.
İqtisadçı deputatın yanaşmasını tənqid edərək bildirib ki, böyük şirkətlər və beynəlxalq investorlar Azərbaycan haqqında məlumatsız deyillər. Onların ölkələr üzrə araşdırma aparan peşəkar departamentləri və tədqiqat mərkəzləri var.
Natiq Cəfərlinin sözlərinə görə, hökumətin xüsusi proqram hazırlaması özlüyündə iri investorların ölkəyə gəlməsi üçün kifayət deyil:
“Azərbaycanın idarəetmə fəlsəfəsi, vergi-gömrük sistemi dəyişməsə, ən əsası, ədalətli və tez çalışan məhkəmə sistemi qurulmasa, investor gəlmir, gəlmək istəmir”.
O, Qazaxıstan və Özbəkistanın investorlar üçün yaratdığı hüquqi mexanizmlərə də diqqət çəkib. Bildirib ki, Qazaxıstanda investorlar üçün ingilis dilində fəaliyyət göstərən ayrıca iqtisad məhkəmələri tətbiq edilib, Özbəkistanda isə biznesin fəaliyyətinə kənar müdaxilələrə görə ciddi cəzalar nəzərdə tutulub.
İqtisadçı hesab edir ki, Azərbaycana xarici investisiyaların cəlb edilməsi üçün ilk növbədə biznes mühitində fundamental institusional və hüquqi islahatlar aparılmalıdır.
Elmar
Gununesi.info












