QHT-lərin yaradılması və fəaliyyətinin bərpası qaydaları dəyişir

  • Müəllif: Orxan
  • 16 Noyabr 2026 13:51

Azərbaycanda ictimai birliklərin və fondların növləri müəyyənləşdirilir. Hər bir ictimai birlik və fond yalnız bir növdə yaradıla biləcək.

Gununsesi.info xəbər verir ki, məsələ Milli Məclisin bugünkü plenar iclasının gündəliyinə daxil edilən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, ictimai birliklər peşə, sosial-humanitar, mədəniyyət və incəsənət, təhsil və elm, ekologiya, hüquq, iqtisadi sahələr üzrə, həmçinin qanunla müəyyən edilmiş digər növlərdə yaradıla biləcək.

Fondların isə ictimai faydalı fond, xeyriyyə fondu və qanunla müəyyən edilmiş digər növlər üzrə yaradılması nəzərdə tutulur. Qeyri-hökumət təşkilatları daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis oluna biləcəklər.

Dəyişikliklər QHT-lərin, eləcə də xarici dövlətlərin QHT-lərinin filial və nümayəndəliklərinin fəaliyyətinin vaxtından əvvəl bərpasını da əhatə edir.

Belə ki, fəaliyyətin dayandırılmasına səbəb olmuş pozuntular aradan qaldırıldıqda müvafiq icra hakimiyyəti orqanı təşkilatın fəaliyyətini vaxtından əvvəl bərpa edə biləcək.

Mövcud qaydadan fərqli olaraq, bu qərarın qəbulunda məhkəmənin iştirakı və təşkilat üzvlərinin müraciəti ilə bağlı müddəanın ləğvi təklif olunur. Beləliklə, pozuntuların aradan qaldırılması fəaliyyətin vaxtından əvvəl bərpası üçün əsas olacaq.

Layihədə QHT-lərin fəaliyyətinin dayandırılması və ləğv edilməsi hallarının dəqiqləşdirilməsi də nəzərdə tutulur.

Gununsesi.info