Politoloq Turan Rzayev Azərbaycan Prezidentinin Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa ünvanladığı təbrik məktubu və rəsmi Bakının Fələstin siyasəti ilə bağlı fikirlərini bölüşüb.
Gununsesi.info-nun xəbərinə görə, politoloq qeyd edib ki, Prezident İlham Əliyevin Fələstin xalqının Milli Günü münasibətilə ünvanladığı məktub Azərbaycanın bu məsələdəki mövqeyinin dəyişməz olduğunu bir daha təsdiqləyir.
Onun sözlərinə görə, Azərbaycan Fələstinin müstəqilliyini əvvəldən dəstəkləyib, bu ölkəyə humanitar yardımlar göstərib və münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarı olub.
Turan Rzayev vurğulayıb ki, məktubda paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılmasına dəstəyin və iki dövlət prinsipinə istinadın yer alması rəsmi Bakının mövqeyini aydın şəkildə ortaya qoyur.
Politoloq Türkiyədəki bəzi radikal mühafizəkar dairələrin Azərbaycanın Fələstin siyasətini tənqid etməsinə də münasibət bildirib.
O qeyd edib ki, sosial şəbəkələrdə Azərbaycanın addımlarının “ikiüzlülük” və “səmimiyyətsizlik” kimi təqdim edilməsi reallığı əks etdirmir.
Rzayevin fikrincə, Azərbaycanın Fələstinə siyasi və humanitar dəstəyi yeni deyil. Rəsmi Bakı uzun illərdir bu istiqamətdə ardıcıl siyasət yürüdür.
Politoloq, həmçinin Mahmud Abbasın Türkiyənin Müstəqillik Günü ərəfəsində Kiprə səfərini və adanın bütövlüyü ilə bağlı açıqlamalarını xatırladaraq, bu məsələyə Ankaradan ciddi reaksiya verilməməsinə diqqət çəkib.












