Tarixçi-alimdən deputata etiraz: - “Biz nəyik, kimik? Bizi bu qədər aşağı görürsünüz?”

  • 17 Noyabr 2026 15:26
“Ali təhsil müəssisələrində və Milli Elmlər Akademiyasında çalışan alimlərin maaşlarının az da olsa, artırılmasına baxılmalıdır”.
Gununsesi.info xəbər verir ki, bu fikirləri deputat Ceyhun Məmmədov Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.
Deputatın bu cür intonasiyası narazılıqlara da səbəb olur.
Tarixçi-alim Zaur Əliyev də narazı olan alimlər sırasındadır.
“Ceyhun müəllim az da olsa nədir ? Biz nəyik? Kimik ? Alim və müəllimi bu qədər aşağı hesab edirsiniz ki, “az da olsa artıraq” sözünü istifadə edirsiniz. Müəllim və alim əməyinə verilən dəyər “az da olsa” kimi ifadələrlə deyil, layiqli və yaşayış standartlarına uyğun artımlarla ölçülməlidir. Alim və müəllimə güzəşt və ya cüzi dəstək deyərək minnətlə maaş vermək lazım deyil, onların zəhmətinə və statusuna layiq əməkhaqqı verilməlidir. Dövlət elm və təhsil üzərində ayaq üstə durub. Buna görə də alim və müəllimlərə “az da olsa” sözü ilə niyə yanaşırsınız. Bizi belə aşağı görürsünüz.  Azərbaycanda intellektual güc və intellektual kapitalı kim yaradır? Onu yaradan bizik. Aşağı maaşa razı olub elm və təhsilə həyatlarını, gəncliklərini, sağlamlıqlarını qurban verən alim və müəllimlərdir. Bizik. Bəli. Bizim çiynimiz üzərində dövlət dayanıb. Ceyhun müəllim, bağban ağaca “az da olsa” su verəndə, o ağac sadəcə qurumamaq üçün yaşayar, amma bar verməz. Müəllim və alim bu millətin gələcək bağını becərən bağbanlardır. Onlara “az da olsa” yanaşması ilə yalnız mövcudluğu qorumaq olar, inkişafı yox. Böyük gələcək kiçik rəqəmlərlə və cüzi təsəllilərlə qurulmur!”, -deyə o narazılığını ifadə edib.
Elmar