Xalqın dərdi uzun, deputatın vaxtı qısa

  • 17 Noyabr 2026 13:50

Milli Məclisdə deputatların danışıq müddətinin 10 dəqiqədən 5 dəqiqəyə endirilməsi qərara alınıb.

Görünür, ölkədə ən ciddi qənaət proqramlarından biri nəhayət, parlamentdən başlayıb. İqtisadiyyatda qənaət etmək çətindir, büdcədə qənaət etmək çətindir, amma danışıq dəqiqələrinə qənaət etmək – bəli, bax bu, artıq böyük islahatdır!

Əslində, qərarın müsbət tərəfləri də var. Bir deputat beş dəqiqəyə danışacaqsa, deməli, fikrini daha yığcam ifadə etməli, uzun-uzadı girişlərdən, təkrarçılıqdan, mövzudan kənar çıxışlardan imtina etməlidir.

Bəlkə də, parlament tarixində ilk dəfə olaraq bir çıxışın ən maraqlı hissəsi onun nə qədər qısa olması olacaq.

Amma burada bir sual yaranır. Deputatın danışıq vaxtını azaltmaqla problemin özü də azalırmı? Axı bəzən bir məsələni izah etmək üçün beş dəqiqə yox, beş saat da azdır. Xüsusilə də ortada izah edilməli problemlər, cavab gözləyən suallar, həllini tapmayan sosial məsələlər varsa…

İndi təsəvvür edin ki, deputat mikrofonu açır, məslən, məsələn deyirəm ha, xalqın dərdini dilə gətirməyə başlayır. Birinci dəqiqə olur salamlaşma və giriş. İkinci dəqiqə olur problemin təsviri. Üçüncü dəqiqə olur əsas narahatlıq. Dördüncü dəqiqə isə təkliflər. Nəhayət, beşinci dəqiqədə isə mikrofon susur! Xalqın dərdi isə hələ giriş mərhələsindədir.

Bəlkə də, gələcəkdə bu müddəti daha da optimallaşdırmaq olar. Beş dəqiqə çoxdur, üç dəqiqə kifayət edər. Sonra bir dəqiqəyə endirərik. Ən sonda isə deputatlara sadəcə bir cümləlik çıxış hüququ verərik: “Hər şey nəzarətimizdədir!”

Beləliklə, parlamentin iclasları da rekord sürətlə başa çatar, vaxtımıza da qənaət etmiş olarıq.

Əlbəttə, parlament tribunası uzun danışmaq yarışı deyil. Amma demokratiya da saniyəölçənlə ölçülmür. Əsas məsələ deputatın neçə dəqiqə danışması yox, həmin dəqiqələrdə nə deməsi və dediklərinin hansı nəticə verməsidir.

Ola bilsin, beş dəqiqə kifayətdir. Yetər ki, həmin beş dəqiqədə xalqın səsi eşidilsin. Çünki deputatın danışıq vaxtını azaltmaq mümkündür, amma xalqın problemlərini beş dəqiqəyə sığışdırmaq hələ heç bir qanunla mümkün olmayıb.

Bir sözlə, parlamentdə danışıq müddəti beş dəqiqəyə düşüb.

Kaş problemlərin həll müddətini də eyni sürətlə azalda biləydik!

Elmar

Gununsesi.info