Səyyad Aranın reqlament məsələsinə Elnarə Akimovadan reaksiya - Etirazı yersiz idi...

  • Müəllif: Orxan
  • 17 Noyabr 2026 15:18

“Bu Milli Məclisdir, danışmaqxanadır”.

Gununsesi.info xəbər verir ki, bunu deputat Səyyad Aran “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı deyib.

“Mənim haqqım 10 dəqiqədir. Hərə bir yandan gah 5 dəqiqə, gah da 3 dəqiqə deyir. Ay qardaş, danışmaq istəmirsən, danışma. Başqalarına niyə yol göstərirsən? Bu Milli Məclisdir, danışmaqxanadır! Senatda, parlamentlərdə danışığa sərhəd qoyulmur”, – Səyyad Aran qeyd edib.

Milli Məclisin sədri Sahibə Qafarova isə Milli Məclisin “danışmaqxana” adlandırılmasını düzgün saymayıb:

“Birincisi, Milli Məclis danışmaqxana deyil. Xahiş edirəm, parlament etikası və leksikasından istifadə edin. Bu bir. İkincisi isə təklif olundu ki, reqlament 5 dəqiqə olsun. Səs çoxluğu ilə bu qəbul edildi. Siz gördünüz, bundan əvvəl İlham Məmmədov cümləsini qurtarmamışdı, dedim, əlavə bir neçə dəqiqə də verilsin. Mən onu sizə də verəcəm. Siz büdcə məsələsini yenə də ittihamdan başlayırsınız”.

Sözügedən məsələ sosial şəbəkələrdə də müzakirə olunmaqdadır.

Deputatı dəstəkləyənlərlə yanaşı qınayanlar da var.

Maraqlıdır, bəs parlamentin digər üzvləri bu barədə nə düşünür?

Məsələ ilə bağlı Gununsesi.info-ya danışan xanım deputat Elnarə Akimova bildirib ki, beş dəqiqəlik reqlament deputatların öz istəyi ilə olan məsələdir:

“Büdcə müzakirələri zamanı əvvəldən çıxış edən deputatlar on dəqiqəlik zaman aralığında danışdılar. Ondan sonra çıxış edənlər çox olduğu və çox adama danışmaq imkanı yaradılması üçün deputatların öz istəyi ilə dəqiqə məsələsi aşağı endirildi. Səyyad müəllim özü də beş dəqiqəlik çıxış edənlər sırasında idi, yəni məhz ona çatanda on dəqiqə kəsilib beş dəqiqə edilməmişdi. Bu mənada, etirazı yersiz idi. Bütün hallarda bu, büdcə müzakirəsidir və deputatların hər biri fikirlərini ifadə etməyə, dairələrinin, seçicilərin problemlərini deməyə çalışdığına görə hamıya bu imkan yaradılmalı idi. Mənim özüm də beş dəqiqə içərisində fikirlərimi ifadə etməyə çalışdım. Düşünürəm ki, fikirlərimizi lakonik şəkildə, beş dəqiqəlik reqlamentdə də ifadə edə bilərik”, -deyə parlamentari qeyd edib.

Orxan

Gununsesi.info