“İranın irəli sürdüyü yeddi şərt, əslində, İslamabad memorandumunun əsasında hazırlanıb. Lakin bu şərtlərin yerinə yetirilməsi, əsasən, Tehran hakimiyyətinin mövqeyindən asılıdır”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib:
“ABŞ-nin İrana qarşı sanksiyaları və İsraillə birlikdə həyata keçirdiyi hərbi əməliyyatların əsas səbəblərindən biri İranın nüvə proqramıdır. Tehran hakimiyyəti isə nüvə proqramından imtina etməyəcəyini bəyan edir.
Belə ki, İran Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai bu yaxınlarda bildirib ki, zənginləşdirilmiş uran İranın ABŞ ilə danışıqlarda istifadə etdiyi diplomatik təsir vasitəsidir. Bu baxımdan, ABŞ ilə razılığın əldə olunması İranın zənginləşdirilmiş uran ehtiyatı, xüsusilə də 400 kiloqramdan artıq uranın taleyi və gələcəkdə nüvə proqramını inkişaf etdirmək niyyəti ilə birbaşa bağlıdır.
Bununla yanaşı, Tehran hakimiyyətinin bölgədəki silahlı qruplara dəstəyi, terrorçuluq fəaliyyəti və Hörmüz boğazında ticarət gəmilərinin maneəsiz hərəkətinin təmin olunması ABŞ-nin İran qarşısında irəli sürdüyü əsas tələblər sırasındadır. İran bu məsələlərdə ABŞ-nin gözləntilərini qarşılamayacağı təqdirdə, Tehranın irəli sürdüyü yeddi şərtin qəbul edilməsi və Vaşinqtonun həmin şərtlərdən hər hansı birinə güzəştə getməsi çətin görünür.
İranın şərtləri arasında ABŞ hərbi qüvvələrinin bölgədən çıxarılması, Hörmüz boğazına müdaxilənin dayandırılması, İranın xarici banklarda dondurulmuş vəsaitlərinin sərbəst buraxılması və digər tələblər də yer alır.
ABŞ isə İranın irəli sürdüyü tələbləri yerinə yetirməyə hazır olacağı təqdirdə onun təkliflərini qəbul etməyin mümkünlüyünü bəyan edib.
Görünən odur ki, İran hakimiyyəti gələcəkdə yarana biləcək təhlükələri nəzərə alaraq nüvə proqramından, daha dəqiq desək, zənginləşdirilmiş urandan diplomatik təzyiq vasitəsi kimi istifadə etməkdə davam edir. Tehran bununla ABŞ-nin tələblərini yumşaltmağa, İrana qarşı təzyiqləri azaltmağa çalışır.
Bu səbəbdən yaxın vaxtlarda tərəflər arasında birbaşa danışıqların baş tutması ehtimalı az görünür. Bununla belə, müxtəlif vasitəçilər üzərindən İran və ABŞ nümayəndələri arasında təmaslar davam edir”.
Şəbnəm












