Milli Məclisin saxlanılmasına 72 milyon manat ayrılacaq

  • Müəllif: Firuzə
  • 18 Noyabr 2026 12:43

Azərbaycan Respublikası Milli Məclisinin və onun aparatının saxlanılması üçün 2027-ci ilin dövlət büdcəsində 72 milyon 355 min 242 manat vəsait nəzərdə tutulub. Bu məbləğin 82,3 faizi, yəni 59 milyon 356 min 275 manatı əməkhaqqı və sosial sığorta ödənişlərinə yönəldiləcək.

Gununesi.info xəbər verir ki, bu, Milli Məclisin 2027-ci il üçün xərclər smetası haqqında qərar layihəsində əksini tapıb.

Sənədə əsasən, əməkhaqqı xərcləri üçün 47 milyon 607 min 611 manat, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üçün isə 11 milyon 748 min 664 manat ayrılması planlaşdırılır.

Bundan əlavə, dövlət icbari şəxsi sığorta xərcləri üçün 762 min 600 manat, sosial ödənişlər üçün isə 334 min manat nəzərdə tutulub. Sosial ödənişlərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlər və dövlət qulluqçularına ödənişlər daxildir.

Xərclər smetasında malların, işlərin və xidmətlərin satın alınması, xarici nümayəndə heyətlərinin və rəsmi şəxslərin qəbulu, dəftərxana və təsərrüfat xərcləri, eləcə də əsas fondlara xidmətlə bağlı vəsaitlər də yer alıb.

Layihədə qeyd olunur ki, 2026-cı ildə xarici ölkələrdən gələn qonaqların və deputatların xarici səfərlərinin sayı əvvəlki illərlə müqayisədə artıb. Həmçinin Milli Məclisin təşkilatçılığı ilə Azərbaycanda və xarici ölkələrdə bir sıra beynəlxalq tədbirlər keçirilib. Bu dinamika 2027-ci ilin xərclər smetasının hazırlanmasında nəzərə alınıb.

Sənədə əsasən, elektron sənəd dövriyyəsinin inkişafı, texniki sistemlərin etibarlı fəaliyyətinin təmin edilməsi, kağız dövriyyəsinin azaldılması və sənəd mübadiləsinin operativ təşkili üçün də vəsait ayrılması nəzərdə tutulub.

Bildirilib ki, 2026-cı ildə Milli Məclisin gündəlik fəaliyyətinin və deputatlarla əməkdaşların iş şəraitinin yaxşılaşdırılması məqsədilə kompüter və digər texniki avadanlıqlar alınıb, beşmərtəbəli inzibati binanın isitmə və soyutma sistemləri yenilənib.

2027-ci ildə xidməti otaqlarda zəruri texniki avadanlıqların yenilənməsinin davam etdirilməsi planlaşdırılır. Satınalmaların qanunvericiliyin tələblərinə uyğun olaraq tender və digər satınalma metodları ilə həyata keçirildiyi qeyd olunub.

Gununesi.info