Həkim Aydın Əliyev Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda yaranmış vəziyyəti tənqid edərək MRT cihazının olmadığını bildirib. O, bu çatışmazlığın xəstələrin müayinəsində ciddi problem yaratdığını vurğulayıb.
Gununsesi.info xəbər verir ki, həkim bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Daha bir biabırçı absurd! Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda yumşaq toxuma, əzələ, vətər, qığırdaq, disk, menisk və s. zədələnmələrinin diaqnostikasında ən vacib diaqnostika metodu olan MRT cihazı yoxdur! Görək buna nə cavab verəcəklər? Bəlkə bu da vacib müayinə üsulu deyil hə? Nə deyirsiniz?”.

Aydın Əliyevin paylaşımına münasibət bildirən digər həkimlərin fikirləri də diqqət çəkib.
Həkim Elsəvər Kərimov bildirib ki, dövlət tibb müəssisələrində lazımi avadanlıq və təminatın olmaması xəstələrin düzgün müayinə və müalicəsini çətinləşdirir.
“Dövlət tibb müəssisələri bağlansaydı camaatın cani qurtardi. Nə qədər ala yarımçıq, təminatsız, təhcizatsız xidmət olar. Düzdür bəzi xidmətlərdən həkimlərin insafı, bacarığı, insanlığı xatirinə yaralananlar var. Amma camaatı başa salmaq olmur ki, ay millət normal diaqnoz qoymaq üçün lazimi aparatura, innovativ vasitə yoxdur və ya xarabdır, işləmir. Hələ bir pasient qadın mənə deyir ki, sovet vaxtında həkim söhbət əsnasında xəstəyə diaqnoz qoyurdu və sadə dərmanlarla müalicə edirdi. Sən insandakı „ağıla, məntiqə“ bax..Bilmirsin neyniyəsən ki, xəstəyə normal diaqnoz qoyasan, özünə də sübut edib başa salasan, düzgün müalicə edəsən. Təminat və təhcizatı olmayan müəssisələr bağlanmalıdır, təhcizatlı, təminatlı özəllərdə real sığorta təminatı ilə tibbi xidmət qurulmalı və inkişaf etdirilməlidir”.
Həkim-cərrah Rəşad Əkbərli isə məsələnin təkcə Travmatologiya və Ortopediya İnstitutu ilə məhdudlaşmadığını bildirib. Onun sözlərinə görə, bir sıra elmi-tədqiqat institutlarında da müasir tibbi avadanlıqların çatışmazlığı və mövcud cihazların işləməməsi ilə bağlı problemlər var:
“Mən on beş ilin cərrahıyam. Neçə dövlət, neçə özəl xəstəxanalarda çalışmışam. Hazırda da həm dövlət, həm özəl xəstəxanada çalışıram.
Məsələ dövlət xəstəxanalarının maddi-texniki bazasından gedir, təchizatından gedir, ən müasir cihazlardan gedir. Yəni 2026-cı ildə dövlət xəstəxanalarının durumu bu vəziyyətdə olmamalıdır.
Bütün Elmi-tədqiqat institutlarından söhbət gedir, təkcə Travmatologiyadan söhbət getmir. Topçubaşov, Hematologiya, digər institutlar — hamısından gedir.
Topçubaşov adına Elmi Cərrahiyyə İnstitutunda laparoskopik əməliyyatı icra eləməyə bir dəst avadanlıq var. Halbuki orada bir neçə dəst avadanlıq olmalı idi. Özü də indi yox. Azərbaycanda ən çox laparoskopik cərrahiyyə ilə məşğul olan Elmi-Tədqiqat İnstitutu MRT-si yox. Elmi-Tədqiqat Cərrahiyyə İnstitutunda MRT yoxdur. KT bir də görürsünüz, işləmir, aylarla”.
Qeyd edək ki, Aydın Əliyev ötən gün də Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundakı vəziyyətlə bağlı paylaşım edib. O, institutda sümük sıxlığını, osteoporoz və osteopeniyanı müəyyənləşdirmək üçün istifadə olunan sümük densitometriyası cihazının olmadığını və ya işləmədiyini bildirib.
Həkim iki gündür ki, institutda müxtəlif tibbi müayinə cihazlarının çatışmazlığı ilə bağlı məsələni gündəmə gətirib.
Şəbnəm Rəhimova









