Bağışlama müqaviləsinin üstünlükləri və hüquqi riskləri nələrdir?

“Bağışlama müqaviləsi mülki hüquq münasibətlərində əmlakın və ya digər hüquqların əvəzsiz əsaslarla bir şəxsdən digərinə keçirilməsini təmin edən mühüm hüquqi mexanizmdir. Bu müqavilənin əsas üstünlüyü tərəflər arasında əmlak münasibətlərinin operativ, hüquqi baxımdan rəsmiləşdirilmiş və qarşılıqlı iradə əsasında tənzimlənməsidir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli deyib:

“Əsas üstünlüklərindən biri əmlakın mülkiyyət hüququnun əvəzsiz şəkildə ötürülməsi, tərəflərin hüquq və vəzifələrinin hüquqi müəyyənliyinin təmin edilməsi, eləcə də əmlakın gələcək hüquqi taleyi ilə bağlı mübahisələrin qarşısının alınması imkanlarıdır. Xüsusilə ailədaxili əmlak münasibətlərində bağışlama müqaviləsi praktik əhəmiyyət daşıyır.

Lakin bu müqavilənin müəyyən hüquqi riskləri də mövcuddur. İlk növbədə, bağışlayan şəxs əmlak üzərində mülkiyyət hüququnu itirir və bu qərarın sonradan dəyişdirilməsi hər zaman mümkün olmur. Müqavilənin etibarlılığına tərəflərin iradə azadlığı, hüquq qabiliyyəti, qanunvericiliyin tələblərinə riayət olunması və əmlak üzərində sərəncam vermək səlahiyyəti birbaşa təsir göstərir. Bundan əlavə, məcburetmə, aldatma, hüquqların pozulması, üçüncü şəxslərin qanuni mənafelərinin nəzərə alınmaması gələcək məhkəmə mübahisələrinə səbəb ola bilər”.

Onun fikrincə, bağışlama müqaviləsinə yalnız əmlakın əvəzsiz verilməsi kimi deyil, ciddi hüquqi nəticələr doğuran mülki-hüquqi əqd kimi yanaşılmalıdır:

“Burada əsas prinsip tərəflərin həqiqi iradəsinin, hüquqi təhlükəsizliyin və mülkiyyət hüquqlarının qorunmasının təmin edilməsidir. Müqavilə bağlanmazdan əvvəl onun hüquqi nəticələrinin hərtərəfli qiymətləndirilməsi gələcək mübahisələrin və hüquqi risklərin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.

 

Şəbnəm

Gununsesi.info