Bu gün kibertəhdidlər artıq heç bir dövlətin təkbaşına qarşısını ala biləcəyi xarakter daşımır.
Gununesi.info xəbər verir ki, bu barədə Milli Məclisin sədr müavini Ziyafət Əsgərov “Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans”da çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müasir dünyada rəqəmsal texnologiyalar dövlətlərin iqtisadi inkişafının, sosial rifahının və idarəetmə sistemlərinin ayrılmaz tərkib hissəsinə çevrilib:
“Lakin texnoloji tərəqqi görünməmiş miqyasda kiberhücumlar, kritik infrastrukturlara yönələn hədəfli təhdidlər və hibrid müharibə elementlərini də özü ilə yanaşı gətirir. Bu gün kibertəhdidlər artıq heç bir dövlətin təkbaşına qarşısını ala biləcəyi qlobal xarakter daşıyır, ala bilməyəcəyi qlobal xarakter daşıyır.
İstənilən dövlətin rəqəmsal sərhədlərinin təhlükəsizliyi əslində bütövlükdə qlobal təhlükəsizlik arxitekturasının ayrılmaz tərkib hissəsidir. Məhz bu reallıq yeni bir idarəetmə və əməkdaşlıq fəlsəfəsini – kiberdiplomatiyanı ön plana çıxarır. Ənənəvi diplomatiya əsrlər boyu dövlətlər arasındakı münasibətləri coğrafi sərhədlər və siyasi sazişlər çərçivəsində tənzimlədiyi halda, kiberdiplomatiya coğrafi sərhədləri aşan virtual məkanda etimad mühitinin yaradılmasını, normativ çərçivələrin formalaşdırılmasını və ortaq təhlükəsizlik standartlarının tətbiqini tələb edir”.
O qeyd edib ki, 2024-cü ildə ölkəmizdə təşkil olunmuş ilk Kiberdiplomatiya konfransı yalnız müzakirələr platforması ilə məhdudlaşmamış, praktik müstəvidə çox mühüm addımların atılmasına və Kiberdiplomatiya mərkəzinin — Tvininq mərkəzinin yaradılması kimi strateji təşəbbüslərin irəli sürülməsinə vəsilə olub:
“Bu mərkəz regional və beynəlxalq səviyyədə birgə təcrübə mübadiləsinin aparılması, kiberimkanların artırılması və dövlətlərarası etimad mexanizmlərinin real müstəvidə qurulması üçün əvəzsiz bir təməl formalaşdırıb”.












