Politoloq: Əliyevin Vyetnam səfəri iqtisadi əlaqələri gücləndirəcək

  • Müəllif: Firuzə
  • 20 Noyabr 2026 12:45

Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri Azərbaycan-Vyetnam münasibətlərinin inkişafı və strateji tərəfdaşlığın konkret layihələrlə möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Gununesi.info xəbər verir ki, bu barədə politoloq Turan Rzayev yazıb.

Politoloq qeyd edib ki, Azərbaycan və Vyetnam coğrafi baxımdan bir-birindən uzaq olsalar da, iki ölkə arasında uzun illərə söykənən dostluq münasibətləri mövcuddur.

Onun sözlərinə görə, bu münasibətlərin əsası ötən əsrin 50-ci illərində qoyulub. 1959-cu ildə Vyetnamın tarixi lideri Ho Şi Minin Bakıya səfəri əlaqələrin inkişafında mühüm mərhələ olub. Sonrakı illərdə azərbaycanlı mütəxəssislər Vyetnamın neft-qaz sənayesinin inkişafında iştirak edib, minlərlə vyetnamlı gənc Azərbaycanda təhsil alıb.

Turan Rzayev bildirib ki, iki ölkə arasındakı əlaqələrin inkişafında Heydər Əliyevin də xüsusi rolu olub. O, 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən nümayəndə heyətinə rəhbərlik edərək Vyetnama rəsmi səfər edib. Səfər zamanı iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq məsələləri müzakirə olunub.

Politoloq vurğulayıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da dostluq ənənələri davam etdirilib. 23 sentyabr 1992-ci ildə diplomatik münasibətlər qurulub. 2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri və iki ölkə arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamənin imzalanması münasibətlərdə yeni mərhələnin başlanğıcı olub.

Rzayevin fikrincə, Prezident İlham Əliyevin hazırkı səfərinin əsas məqsədlərindən biri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətləri konkret iqtisadi layihələrlə möhkəmləndirməkdir. Səfərdə iqtisadiyyat, energetika, müdafiə və nəqliyyat sahələrinə məsul şəxslərin təmsil olunması da əməkdaşlıq gündəliyinin genişliyini göstərir.

Elmar
Gununesi.info