Məlum məsələdir ki, qonşu ölkələrdə SMA (spinal əzələ atrofiyası) xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsi üçün bahalı dərmanların dövlət hesabına təmin edilməsi istiqamətində addımlar atılır.
Məsələn, Gürcüstanda, Türkiyədə, Özbəkistanda bununla bağlı dövlət mexanizmləri mövcuddur.
Azərbaycanda isə bu məsələ hələ də ailələrin çiyinlərindədir.
Sual yaranır: niyə?
SMA elə xəstəlikdir ki, müalicəsi üçün istifadə olunan preparatların qiyməti adi bir ailənin imkanlarını dəfələrlə üstələyir.
Söhbət bir neçə yüz manatlıq dərmandan getmir. Söhbət ailələrin öz imkanları ilə almaqda çətinlik çəkdiyi, bəzən isə ümumiyyətlə gücünün çatmadığı preparatlardan gedir.
Bu ailələr onsuz da ağır psixoloji və maddi yük altındadırlar. Övladlarının yaşaması, müalicəsi və sağlamlığı üçün mübarizə aparırlar. Belə bir vəziyyətdə dərman tapmaq və onun pulunu ödəmək də valideynlərin üzərinə düşməməlidir.
Əlbəttə, dövlət büdcəsinin imkanları, səhiyyə xərcləri və prioritetləri var. Ancaq nadir xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsi də dövlətin sosial məsuliyyətinin mühüm hissəsidir. Xəstəliyin nadir olması həmin uşaqların ehtiyaclarını ikinci plana keçirməməlidir.
Dövlət aidiyyəti qurumları bu suallara cavab verməlidir: Azərbaycanda neçə SMA xəstəsi var?
Onların dərman təminatı necə həyata keçirilir?
Bahalı preparatların dövlət hesabına alınması niyə mümkün deyil?
Bunun üçün nə qədər vəsait tələb olunur?
Məsələ yalnız dərman almaqdan ibarət deyil. Söhbət uşaqların həyatından, ailələrin ümidindən və sosial dövlətin öz vətəndaşına münasibətindən gedir.
SMA xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsi valideynlərin maddi imkanlarından asılı qalmamalıdır.
Bu dərmanlar dövlət hesabına təmin edilməlidir.
Heç bir ana-ata övladının müalicəsi üçün dərman pulunu haradan tapacağını düşünərək çarəsiz qalmamalıdır.
Elmar











