ABŞ Ukrayna qoşunlarının Donbasdan çıxarılması müqabilində ölkənin NATO-ya üzv olması variantını müzakirə edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, əvvəllər real hesab edilməyən bu variant son aylarda Cared Kuşner və Stiv Uitkoffun avropalı rəsmilərlə danışıqlarında dəfələrlə gündəmə gəlib. Avropa liderlərindən biri ideyanın hələ avqustda telefon danışığı zamanı müzakirə olunduğunu bildirib.
Məlumata görə, Kuşner ötən həftə Dublin aerodromunda Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa ölkələrinin nümayəndələri ilə bu variantı müzakirə edib. Məsələ Birləşmiş Ərəb Əmirliklərində Kuşner və Uitkoffun Ukrayna, Avropa və Rusiya nümayəndələri ilə apardıqları danışıqlar çərçivəsində də gündəmə gəlib.
WSJ-nin mənbələrinə görə, ABŞ tərəfi iki ssenarini nəzərdən keçirib. Birinci ssenari Ukraynanın Donbasdan imtina etməsi müqabilində NATO-ya üzvlüyünü, ikinci isə münaqişənin mövcud cəbhə xətti üzrə dondurulmasını və Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsini nəzərdə tutur.











