Təhsil eksperti Etibar Əliyev elm və təhsil naziri Emin Əmrullayevin Azərbaycanda şagirdlərin oxuduğunu anlama səviyyəsi ilə bağlı açıqlamasına münasibət bildirib.
Gununsesi.info xəbər verir ki, Emin Əmrullayevin “Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür” fikrinin cəmiyyətdə geniş rezonans doğurduğunu qeyd edən ekspert bununla bağlı bir sıra suallar ünvanlayıb.
Etibar Əliyev sual edir: Azərbaycanda hər üç nəfərdən neçəsi kimyəvi elementlərin valentliyini, sürət və təcil düsturlarını, ədədi kəsr və faizlərlə hesablamanı, hüceyrənin quruluşunu bilir?
“Şagirdlər Cəlil Məmmədquluzadənin “Anamın kitabı”, İsa Hüseynovun “Tütək səsi”, Yusif Səmədoğlunun “Qətl günü”, Cəfər Cabbarlının “Aydın” pyesi və digər vacib əsərləri oxuyub anlaya bilmirlər?” – deyə ekspert sual edib.
Əliyev dərsliklərin məzmununun da ciddi şəkildə müzakirə edilməli olduğunu bildirib:
“Cənab nazir “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliklərində yer alan şeirlər və bədii mətnlərin məzmunu ilə maraqlanıbmı? Məsələn, DİM ekspertləri ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün “Ədəbiyyat” dərsliyində məzmunun işlənməsi baxımından 36, dil və yazı üslubu baxımından isə 24 qüsur aşkar etmişdi. Həmin qüsurlar aradan qaldırıldımı?”
Təhsil eksperti hesab edir ki, şagirdlərin oxuyub-anlamaması məsələsinə qiymət verilərkən onların qarşısına qoyulan dərsliklərin keyfiyyəti də nəzərə alınmalıdır.
“Şagird dərslikdən səhvlər tapır”, – deyə Əliyev vurğulayıb.
Ekspert, həmçinin Azərbaycan ədəbiyyatının klassik nümunələrinin dərsliklərdəki yeri ilə bağlı narazılığını ifadə edib.
Onun sözlərinə görə, klassiklərin əsərləri dərsliklərdən çıxarılır, onların əvəzinə müasir müəlliflərin əsərləri daxil edilir.
Əliyev 7-ci sinif “Azərbaycan dili” dərsliyində yer alan “Dovşan şeiri”ni də tənqid edib. O, belə mətnlərin uşaqların ədəbi zövqünə və oxuyub-anlama bacarığına necə təsir etdiyini sual edib:
“Uşaq 7-ci sinif “Azərbaycan dili” dərsliyində çap olunmuş bu şeiri necə oxuyub anlasın? Qurama adlarla uşaqlara şeir sırıyırlar, cənab nazir!”.
Ekspert uşaq ədəbiyyatında keyfiyyət probleminin uzun illərdir mövcud olduğunu da bildirib. O, bu kontekstdə şair Zahid Xəlilin yaradıcılığına toxunaraq onun uşaq şeirlərindən bir nümunə təqdim edib.
Əliyevin fikrincə, uşaqlara bədii cəhətdən zəif mətnlərin əzbərlədilməsi onların ədəbi zövqünə və təfəkkürünə mənfi təsir göstərə bilər.
“Belə urvatsız şeirləri uşaqlara əzbərlədirlər. Bu tip şeirlər uşaq təfəkkürünü və xarakterini korlayır”, – deyə ekspert bildirib.
Etibar Əliyev dərsliklərin hazırlanması prosesində obyektivlik və peşəkarlıq məsələlərinin də araşdırılmasının vacibliyini vurğulayıb.
“Bu məmləkətdə dərsliklər də dostluq və digər maraqlarla yazdırılır. Bundan böyük fəlakət ola bilərmi?” – deyə o qeyd edib.
Ekspert hesab edir ki, şagirdlərin təhsil nəticələri və oxuyub-anlama bacarığı müzakirə edilərkən məsuliyyət yalnız şagirdlərin üzərinə qoyulmamalıdır.
Onun fikrincə, təhsil sisteminin əsas komponentlərindən biri olan dərsliklərin keyfiyyəti də bu müzakirənin mərkəzində dayanmalıdır.
Əliyev çıxışının sonunda Emin Əmrullayevin şagirdlərin oxuyub-anlamaması ilə bağlı fikirlərinə etirazını belə ifadə edib:
“Urvatsız dərsliklərin baiskarı olan Emin Əmrullayev isə şagirdləri oxuyub anlamamaqda təqsirləndirir”.
Elmar











