III qrup Qarabağ əlili Samir Səfərovun anası Təranə Səfərova oğlu haqqında həddindən artıq ağır və ədalətsiz hökm çıxarılmasından şikayətçidir.
Bununla bağlı o Gununsesi.info-ya müraciət edib.
Təranə Səfərova Prezident İlham Əliyev də daxil olmaqla, səlahiyyətli şəxslərə müraciət edən Təranə Səfərova oğlunun işinə obyektiv və ədalətli baxılmasını, onun Vətən qarşısında xidmətlərinin nəzərə alınmasını və kənar müdaxilələrə yol verilməməsini istəyir.
Samir Səfərov 2024-cü ildə kafedə baş vermiş bıçaqlanma hadisəsinə görə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 15 il azadlıqdan məhrum edilib. Onun vurduğu bir bıçaq zərbəsi “xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd” kimi qiymətləndirilib.
Tovuz rayonunun Məşədilər kənd sakini Təranə Səfərova isə deyib ki, oğlu haqqında hökmün belə ağır və ədalətsiz olmasında qarşı tərəfin məhkəmə hakiminin qohumu olması rol oynayıb:
“Qarşı tərəf Hafiz adlı məhkəmə hakiminin qohumudur. Bu fakt oğluma qarşı ədalətsizlikdə birbaşa rol oynadı. Elə ona görə həmin hakim Tovuza anasıgilə gələndə onun yanına getdim. Dedim ki, heç adam öldürənə 15 il iş kəsmirlər, belə haqsızlıq olar? Qayıtdı ki, sizin oğlunuz kafedə bıçaqlayıb, xuliqanlıq niyyətilə adam öldürməyə cəhddir. Gördüm ki, çəkici eyni yerə vururlar”.
Təranə Səfərova bildirib ki, oğlunun tamamilə təqsirsiz olduğunu iddia etmir. Amma ona verilən cəzanın əmələ uyğun olmasını istəyir. Onun sözlərinə görə, hadisə vaxtı davanı başlayan da oğlu olmayıb. Davada Samir Səfərovun başına daşla vuraraq, ona xəsarət də yetiriblər:
“Mən demirəm ki, oğlum günahsızdır. Deyirəm ki, ona verilən cəza əməlinə uyğun olsun. Qarşı tərəf bir həftə xəstəxanada saxlanılandan sonra buraxılıb, sağ-salamatdır. Buna görə insana, xüsusən də sağlamlığını Vətən uğrunda itirmiş birinə 15 il iş kəsmək hansı insafa, vicdana sığar? Çox təəssüf edirəm ki, məhkəmə oğlumun nə xəstəliyinə hörmət elədi, nə də Vətən uğrunda sağlamlığını itirməyinə, kənar müdaxilə ilə 15 il iş kəsdi”.
Anası xatırladıb ki, 2020-ci ildə Vətən müharibəsindən sonra ötən illər ərzində Samir psixi durumundakı problemlərlə əlaqədar xəstəxanalarda müalicələr alıb. Hətta Tovuzu Milli Məclisdə təmsil edən deputat Arzu Nağıyev də bu barədə məlumatlıdır:
“Müharibədə partlayış zamanı baş-beyin silkələnməsi nəticəsində travma alıb. Həkim komissiyasının rəyi ilə ona “üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, tez-tez baş verən dekompensasiyalar, intihar cəhdləri” diaqnozu qoyulub. Ona üçüncü qrup əlillik təyin edilib. Tez-tez tutmaları olurdu. Deputatımız çalışırdı ki, onu müalicə üçün xarici ölkələrdən birinə göndərilməsinə kömək etsin. Çünki Azərbaycandakı xəstəxanalarda müalicələr nəticə vermirdi. Başında, bədənində mütəmadi tutmalar olur. Gəncədə, Maştağada psixiatriya xəstəxanasında nə qədər müalicələr alıb”.
Samir Səfərov 44 günlük Vətən müharibəsində xidmətlərinə görə “Cəsur döyüşçü”, “Xocavəndin azad edilməsinə görə” və s. medallarla təltif olunub.
Təranə Səfərova onu da bildirib ki, istintaq zamanı müstəntiq onları Samir Səfərova psixiatrik ekspertizanın “anlaqsız” rəy verdiyini deyib. Lakin sonda məlum olub ki, rəy fərqlidir.
“Bilmirəm ki, rəyi sonra niyə dəyişdilər? Bəlkə də pul vermədik, ona görə. Məhkəmədə vəkil vəsatət verdi ki, təkrar psixiatrik ekspertiza təyin olunsun. Zərərçəkən etiraz elədi, hakim də vəsatəti təmin etmədi. Hansı əsasla psixi durumunda ciddi problemlər olan bir insanla bağlı məhkəmə araşdırma aparmaq istəmədi?
“Cənab prezidentdən, hörmətli Mehriban xanımdan xahiş edirəm, oğlumun bu torpaqların azadlığı uğrunda xidmətləri nəzərə alınaraq, onun işinə ədalətli baxılsın. Mən demirəm ki, oğlum düzgün iş görüb. Mənim dediyim odur ki, əməlin cəzası ona uyğun deyil. Kimsə hakimin qohumudur deyə, onu ömür boyu həbsxanada çürütmək insafsızlıqdır”, – deyə Təranə Səfərova əlavə edib.
Elmar











