Müğənni Niyam Salami neçə gün əvvəl iki nəfərin ölümü ilə nəticələnən kanat qəzasının baş verdiyi “Şəki Yaylası” istirahət mərkəzinin sahibi ilə bağlı gözlənilməz açıqlamalar verib.
Gununsesi.info xəbər verir ki, o, instaqram səhifəsində yaydığı videomüraciətdə həmin şəxsin Novxanıda yerləşən restoranında çalışdığını və işdən ayrıldıqdan sonra problemlərlə üzləşdiyini deyib.
“3 ildir mənə nə zülmlər, nə əzablar verildi. Nə efirdə, nə dost yanında danışa bildim. Ad çəkməyəcəyəm, Novxanı tərəfdə bir obyektdə işləyirdim. Oranın müdiriyyətinin mənim başıma gətirdiyi oyunlardan indi danışa bilirəm, çünki əvvəllər evdə belə danışa bilmirdim.
Mən orada bir il müqavilə ilə işlədim. İkinci il qərar verdim ki, oradan ayrılım. Çünki hər dəfə üstümə adam göndərib faizi artırırdı. Ad günümdə guya mənə ev hədiyyə etdi. Daha sonra məlum oldu ki, bütün sənədlər saxta imiş. Mən işdən ayrılandan sonra bütün borclu olduğu və əməkdaşlıq etdiyi şirkətləri mənim üstümə göndərdi. Saxta adam saxta işlərlə məşğul olurdu.
Mənə ad günümdə guya ev hədiyyə verir, sənət gətirdi. İmza atdım, guya ev verildi. Sən demə, saxta imiş. Mənə zülm etdiklərin üçün iş otağın yandı, cavan qardaşın rəhmətə getdi. Restoranda camaata zülm verirsən, işçilərin maaşını kəsirdin.
“Şəki yaylası”nda kanat açdın. Orada adamların başına oyun açılır. Kanatı da bu işin peşəkarı olan insanlar çəkməlidir. Kanatı öz qaynına çəkdirdin, ona 100 min ayırdın, hərə cibinə 10, 20 min qoydu, ona görə o cür kanat çəkildi. Camaatın balası orada şikəst oldu. Eşitmişəm ki, orada iki nəfər insan ölüb. Çünki nə kanata baxan var, nə təhlükəsizliyə nəzarət edən var, nə də insanların təhlükəsizliyini düşünən. Pul gözünüzü o qədər örtüb ki, hər şeyi pulla həll etməyə çalışırsınız”.












