Mingəçevir Şəhər Məhkəməsinin hakimi Elza Cəbrayılzadənin fəaliyyəti ilə bağlı ciddi suallar.
Məhkəmə hakimindən gözlənti çox sadədir: təqdim olunan sübutları araşdırmaq, tərəflərin arqumentlərini dinləmək, zəruri hallarda şahidləri dindirmək və yalnız bundan sonra əsaslandırılmış qərar qəbul etmək.
Lakin Mingəçevir Şəhər Məhkəməsinin hakimi Elza Cəbrayılzadənin sədrlik etdiyi proseslərdən biri ilə bağlı məndə tamamilə başqa təəssürat yaranıb.
Məhkəmədə qarşı tərəf öz mövqeyini müəyyən şəxslərin yazılı müraciətinə əsaslandırdığını bildirir. Belə bir iddianın həqiqiliyini müəyyən etmək üçün həmin şəxslərin dindirilməsi, müraciətin özünün tələb olunması və digər sübutların araşdırılması ən azı məntiqli və zəruri addım deyilmi?
Əgər bir tərəf konkret fakt irəli sürürsə, həmin faktın sübutu haradadır?
Əgər şahidlərə və sübutlara ehtiyac yoxdursa, məhkəmə araşdırmasının mənası nədən ibarətdir?
Daha ciddi sual isə budur: tərəfin irəli sürdüyü iddia sübutlarla təsdiqlənmədiyi halda, məhkəmə həmin iddianı hansı əsasla qəbul edə bilər?
Hakimin vəzifəsi tərəflərdən birinin söylədiyini olduğu kimi qəbul etmək deyil. Hakimin vəzifəsi iddianı yoxlamaq, sübutu tələb etmək, ziddiyyətləri araşdırmaq və nəticəni hüquqi əsaslarla əsaslandırmaqdır.
Əgər bunlar edilmədən qərar verilirsə, vətəndaşın haqlı olaraq belə bir sualı yaranır: məhkəmə həqiqətən təqdim olunan sübutları araşdırdı, yoxsa nəticəyə əvvəlcədən formalaşmış qənaətlə gəldi?
Hakim müstəqildir. Lakin hakim müstəqilliyi sübutsuz iddianın araşdırılmadan qəbul edilməsi demək deyil. Məhkəmə qərarının arxasında konkret sübut və hüquqi əsas görünməlidir.
Elza Cəbrayılzadənin sədrlik etdiyi məhkəmə proseslərində bu prinsiplərin nə dərəcədə təmin edildiyi, məncə, ictimai və hüquqi baxımdan araşdırılmağa layiq məsələdir.
Vətəndaş məhkəməyə ona görə müraciət edir ki, mübahisəni obyektiv araşdıran və sübutlara əsaslanan hüquqi qərar əldə etsin. Əgər sübut araşdırılmır, şahid dinlənilmir və tərəfin iddiasının əsası yoxlanılmırsa, onda ən vacib sual ortaya çıxır:
Ədalət mühakiməsi necə həyata keçirilir?
Elmar
Gununsesi.info












