Rusiyada yeni səfərbərlik olacaq? -DEPUTAT DANIŞDI

  • Müəllif: Şəbnəm
  • 09 Sentyabr 2026 15:25

Ermənistanda Rusiyada mümkün yeni səfərbərliklə bağlı iddialar var.

Erməni mətbuatının yaydığı məlumatda bildirilir ki, Rusiyada oktyabr ayında genişmiqyaslı səfərbərlik elan olunacaq. İddiaya görə, səfərbərlikdən yayınmaq istəyən yüz minlərlə Rusiya vətəndaşı İrəvana üz tutaraq kirayə mənzil axtaracaq.

Həmçinin Rusiyanın Avropa ölkələrindən hər hansı birinə hücum edə biləcəyi ilə bağlı ehtimallar da səsləndirilib.

Gununsesi.info bildirir ki, məsələyə münasibət bildirən deputat Qüdrət Həsənquliyev Rusiyada səfərbərliyin elan olunması ehtimalını inandırıcı hesab etdiyini, lakin Rusiyanın Avropa ölkələrindən hər hansı birinə hücum edəcəyini düşünmədiyini deyib:

Düzdür, bir çox hallarda deyirlər ki, Rusiya məntiqlə davranmır. Şəxsən mən də inanmırdım ki, bu cür genişmiqyaslı Ukrayna hücumu ola bilər. Əvvəlki müsahibələrimdə də həmişə qeyd edirdim ki, Rusiya heç vaxt buna getməz. Çünki bu, hər bir halda iki qardaş xalqın uzun müddət bir-birinə düşmən olması deməkdir.

Ukraynanın həyati maraqları tələb edirdi ki, Rusiya ilə əməkdaşlıq etsinlər, yaxın qonşu olsunlar. Çünki iki ölkə arasında ticarət və tarixi əlaqələr var idi və sair. Amma biz gördük ki, bütün bu məntiq bir kənarda qaldı və Rusiya Ukraynaya hücum etdi.

Lakin Ukraynadan fərqli olaraq, Avropa ölkələrinə hücum edilərsə, bu halda NATO da qarışa bilər və düşünmürəm ki, bu, Rusiyaya sərf edər. Rusiya o halda güvənə biləcəyi yeganə güc kimi nüvə silahına arxalana bilər. Əgər nüvə silahından da istifadə olunsa, nəzərə alaq ki, NATO ölkələrinin də nüvə silahı var və ondan istifadə etmək imkanları mövcuddur. Onlar texnoloji baxımdan daha irəli getdiklərinə görə, imkanları daha genişdir.

Hər bir halda hesab edirəm ki, bu, ciddi məsələ olar və buna gedilməz. Amma dediyim kimi, səfərbərlik ola bilər. Səfərbərliyin də çox genişmiqyaslı olacağını düşünmürəm. Çünki o insanlara silah vermək lazımdır, onları texnika ilə təmin etmək lazımdır. Ancaq insanları çağırmaqla məsələ həllini tapmır.

Müharibənin taleyini müasir raketlər, dronlar, o cümlədən müasir texnologiyalar həll edir. Kimin daha çox kəşfiyyat məlumatları var, kim döyüş meydanına kosmosdan daha ciddi nəzarət edə bilir – bunlar mühüm amillərdir. Səfərbərlik edib insanları mənasız ölümə göndərməyin də adı yoxdur.

Qeyd etdiyim kimi, müharibənin taleyini artıq canlı qüvvə həll etmir. Böyük kütləvi səfərbərliyin olacağını düşünmürəm, amma bu barədə söhbətlər var”.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info