Hikmət Hacıyev: 11 sentyabr qurbanlarının xatirəsini ehtiramla yad edirik

  • Müəllif: Orxan
  • 11 Sentyabr 2026 13:10

11 sentyabr terror aktlarından 25 il ötür. ABŞ-də baş verən və minlərlə insanın həyatına son qoyan bu faciə təkcə Amerika tarixinin deyil, dünya ictimaiyyətinin yaddaşında dərin iz buraxıb. Azərbaycan da həmin hadisədə həyatını itirənləri ehtiramla yad edir. Bakı metrosu da daxil olmaqla, 1990-cı illərin əvvəllərində bir sıra terror aktlarının acısını yaşayan Azərbaycan terrorizmə qarşı beynəlxalq mübarizənin fəal iştirakçılarından birinə çevrilib.

“25 il əvvəl Nyu-York şəhərində ABŞ-yə qarşı törədilən dəhşətli terror aktı yalnız Amerika Birləşmiş Ştatlarına deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş faciə kimi yadda qalıb. Azərbaycan da bu dəhşətli hadisənin qurbanlarını ehtiramla yad edir”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzində çıxışı zamanı deyib.

Hikmət Hacıyev bütün terror qurbanlarının günahsız olduğunu vurğulayıb.

O qeyd edib ki, Azərbaycan xüsusilə 1990-cı illərin əvvəllərində terrorun ağır nəticələrindən əziyyət çəkən ölkələrdən biridir.

“Azərbaycanda 32-dən çox terror aktı törədilib. Təəssüf ki, Bakı metrosu 1990-cı illərin əvvəllərində metro terrorunun baş verdiyi ilk məkanlardan biri olub”, – deyə H.Hacıyev bildirib.

Prezidentin köməkçisi vurğulayıb ki, məhz bu təcrübə Azərbaycanın terrorla mübarizə və beynəlxalq təhlükəsizliyin təmin olunması istiqamətində səylərə fəal qoşulmasına səbəb olub. O, Azərbaycanın terrordan müdafiə və terrorizmə qarşı mübarizə üzrə beynəlxalq alyansa qoşulan ilk ölkələrdən biri olduğunu diqqətə çatdırıb.

Hikmət Hacıyev 11 sentyabr terror aktı qurbanlarının və dünyanın müxtəlif yerlərində terror nəticəsində həyatını itirən bütün insanların xatirəsini ehtiramla yad edib, onların yaxınlarına başsağlığı verib.

Elmar

Gununsesi.info