11 rayon üzrə mühüm vəzifələr boşdur — KOMİTƏDƏN AÇIQLAMA

  • Müəllif: Şəbnəm
  • 12 Sentyabr 2026 10:07

Bir sıra rayon və şəhər statistika idarələrində rəis vəzifələrinin vakant olması ilə bağlı Dövlət Statistika Komitəsinə sorğu göndərilib.

Gununsesi.info-nun sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Mehman Mehdiyev bildirib ki, inzibati dövlət qulluğu vəzifələrinin tutulması qanunvericiliyə uyğun olaraq müsabiqə və ya müsahibə yolu ilə həyata keçirilir.

Komitədən bildirilib ki, müvafiq müsabiqə və müsahibələr Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunur.

“İnzibati dövlət qulluğu vəzifələrinin tutulması “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müsabiqə və ya müsahibə yolu ilə həyata keçirilir. Müvafiq müsabiqə və müsahibələr Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunur”, – deyə açıqlamada qeyd olunub.

Komitə konkret təyinat tarixlərinə də aydınlıq gətirib. Bildirilib ki, vakant vəzifələrə təyinatların konkret tarixləri müvafiq prosedurların gedişindən və nəticələrindən asılıdır.

Qeyd edək ki, Lənkəran, Tərtər, Ağdam, Daşkəsən, Xocavənd, İmişli, Quba, Mingəçevir, Şabran, Şərur və Culfa rayon və şəhər statistika idarələrində rəisi vəzifələrinin vakant olduğu bildirilir.

Beləliklə, həmin vəzifələrə yeni rəhbərlərin təyin olunması üçün əvvəlcə qanunvericilikdə nəzərdə tutulan müsabiqə və ya müsahibə prosedurlarının həyata keçirilməsi tələb olunur.

 

Vüsal Artyom

Gununsesi.info