Bakıda “IRONMAN 70.3 Baku” yarışı ilə əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sentyabrın 5-də Bakıda keçirilmiş “Alufar IRONMAN 70.3 Baku” beynəlxalq triatlon yarışı ilə əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər nəzərdə tutulmuş vaxtdan daha əvvəl aradan qaldırılıb və yollar sürücülərin istifadəsinə verilib.
Xatırladaq ki, yarışın təhlükəsiz və mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə sentyabrın 4-dən etibarən şəhərin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
Belə ki, 13 müntəzəm marşrutun (5, 6, 53, 72, 88, 120A, 125, 149, 149E, 164, 195, 205 və E1 nömrəli) hərəkət sxemi müvəqqəti dəyişdirilib.
Eyni zamanda, Dənizkənarı küçəsində Su İdmanı Sarayı, Bakı Kristal Zalı və Dövlət Bayrağı Meydanı qarşısında yerləşən dayanacaq məntəqələri tədbirin keçiriləcəyə əraziyə daxil olduğundan 5, 6, 53 və 88 nömrəli müntəzəm marşrutlar bu dayanacaqlara daxil olmadan fəaliyyət göstərib.











