2027-ci ilin qəbul imtahanları ilə bağlı xəbərdarlıq

  • Müəllif: Orxan
  • 05 Sentyabr 2026 10:23

Gələn il də I ixtisas qrupunun R və III ixtisas qrupunun TC alt qruplarında yüksək rəqabətin davam edəcəyi gözlənilir. Plan yerləri artırılmasa, vəziyyət daha da çətinləşə bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri “AzEdu Podkast” verilişində danışıb.

O bildirib ki, xüsusilə kompüter elmləri, kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi və digər IT ixtisaslarına maraq ildən-ilə artır. Lakin bu istiqamətlər üzrə ixtisasların və plan yerlərinin sayı artan tələblə paralel şəkildə çoxalmır.

Elmin Nuri hesab edir ki, vəziyyət dəyişməsə, 2027-ci ilin qəbulunda da ciddi rəqabət yaranacaq:

“Əgər plan yerləri artırılmasa, TC-də yenə kəskin rəqabət olacaq. Birinci qrupun R alt qrupu üzrə də vəziyyət ən azı bu ilki kimi olacaq. Mövcud mənzərə dəyişməsə, gələn il vəziyyət heç də asan olmayacaq”.

Ekspert III ixtisas qrupunun TC alt qrupunda da plan yerlərinin az olduğunu, beynəlxalq münasibətlər və regionşünaslıq kimi ixtisaslara marağın isə artdığını bildirib. Onun sözlərinə görə, bu il bəzi TC ixtisaslarında keçid ballarında ciddi yüksəliş müşahidə olunub.