Vitamin D çatışmazlığı arıqlamağa mane olurmu? – Dietoloq açıqladı

  • Müəllif: Şəbnəm
  • 04 Sentyabr 2026 17:04

“Vitamin D çatışmazlığı arıqlama prosesində nəzərə alınmalı amillərdən biridir. D vitamininin aşağı olması artıq çəki ilə tez-tez əlaqələndirilir, lakin bu, onun birbaşa kökəlməyə səbəb olduğunu göstərmir”.

Bu fikirləri Gununsesi.infoya açıqlamasında dietoloq Validə Şıxıyeva deyib:

“Arıqlama zamanı düzgün və balanslı qidalanma ilə yanaşı, orqanizmdə D vitamininin səviyyəsinin də nəzarətdə saxlanılması vacibdir. D vitamini çatışmazlığı əzələ zəifliyi və sümük sağlamlığı ilə bağlı problemlərlə əlaqəli ola bilər və bu da fiziki hərəkəti çətinləşdirə bilər. Arıqlamaq istəyən şəxsin hərəkət imkanlarının azalması isə ümumi nəticəyə mənfi təsir göstərə bilər.

Bununla belə, D vitamini qəbulunun özü arıqladan vasitə hesab edilmir və araşdırmalar onun təkbaşına çəki itkisini artırdığını göstərmir.

Buna görə də pəhriz saxlayan şəxslərdə D vitamini çatışmazlığı yalnız analiz nəticəsinə əsasən qiymətləndirilməlidir. Çatışmazlıq müəyyən edildikdə, D vitamininin qəbulu həkim və ya mütəxəssis məsləhəti ilə müəyyənləşdirilməlidir.

Xüsusilə artıq çəkisi olan insanlarda D vitamininin səviyyəsinin aşağı olması daha çox müşahidə edilə bilər.

Əsas məqsəd D vitaminini artırmaqla yanaşı, düzgün qidalanma, gündəlik hərəkət və davamlı çəki nəzarətini birlikdə təmin etməkdir”. 

 

 

Firuzə

Gununsesi.info