Finlandiyada Rusiya ilə sərhədin bağlanmasından sonra xüsusilə ölkənin şərq bölgələrində işsizlik və iqtisadi problemlərin artdığı bildirilir.
Bunu Finlandiyanın Naapuriseura ictimai təşkilatının rəhbəri Yauri Varvikko açıqlayıb.
Onun sözlərinə görə, sərhədin bağlanması ən çox Şərqi Finlandiyada turizm sektoruna və sahibkarlıq fəaliyyətinə təsir göstərib. Varvikko bildirib ki, Rusiyadan gələn turistlərə ciddi şəkildə bağlı olan bir sıra müəssisələr fəaliyyətini dayandırıb, bəziləri isə müflis olub.
Şərqi Finlandiya Universitetinin tədqiqatçısı Henrik Nilsen də daha əvvəl Rusiya ilə sərhədin bağlanmasının sərhədyanı şəhərlərin iqtisadiyyatına ciddi zərbə vurduğunu bildirmişdi.
Qeyd edək ki, Finlandiya Rusiya ilə quru sərhəd keçidlərini 2023-cü ilin sonundan etibarən mərhələli şəkildə bağlayıb. Helsinki bu qərarı əsasən qeyri-qanuni miqrasiya ilə bağlı təhlükəsizlik narahatlıqları ilə əsaslandırıb.












