Aqşin Yenisey: “İqtisadiyyatı olmayan xalqın mədəniyyəti də yoxdur”

  • Müəllif: Firuzə
  • 25 Noyabr 2026 09:18

Yazıçı-şair Aqşin Yenisey mədəniyyətin formalaşmasında iqtisadiyyatın həlledici rol oynadığını bildirib.

Gununesi.info  xəbər verir ki, Aqşin Yeniseyin fikrincə, mədəniyyət insanın təbiətdən asılılığını aradan qaldırmaq üçün yaratdığı hər şeydir və bu baxımdan alternativ təbiət hesab oluna bilər.

O qeyd edib ki, iqtisadiyyatı olmayan xalqın və ölkənin mədəniyyətindən də danışmaq mümkün deyil.

Onun sözlərinə görə, xalqın zəngin folklora, mənəvi və estetik irsə sahib olması bu reallığı dəyişmir. Çünki mədəniyyətin inkişafı, ilk növbədə, maddi imkanlardan asılıdır.

Yenisey dilin inkişafının da birbaşa iqtisadiyyatla bağlı olduğunu vurğulayıb.

O, 5 min il əvvələ aid ilk yazılı gil lövhələrin iqtisadi məzmun daşıdığını və iqtisadi cəhətdən inkişaf etmiş Şumer şəhər-dövlətlərində meydana gəldiyini xatırladıb.

Yazıçı peyğəmbərlərin yalnız səhra xalqlarına göndərilməsi məsələsinə də iqtisadi aspektdən yanaşıb.

Onun qənaətincə, səhranın maddi istehsal üçün əlverişsiz coğrafiya olması insanları mənəvi yaradıcılığa və utopik düşüncələrə yönəldib.

Aqşin Yenisey cəmiyyətdə mədəniyyət anlayışının əsasən şeir, roman, opera, teatr və rəssamlıq kimi mənəvi-estetik yaradıcılıq sahələri ilə əlaqələndirilməsini də yanlış yanaşma hesab edib.

O bildirib ki, mədəniyyətin inkişafı Mədəniyyət Nazirliyindən daha çox İqtisadiyyat Nazirliyinin həyata keçirdiyi tədbirlərdən asılıdır.

Müəllif iqtisadiyyatın zəifləməsinin mədəniyyətə də mənfi təsir göstərdiyini vurğulayaraq bunu belə ifadə edib:

“İqtisadiyyat qrip olanda mədəniyyəti artıq süni nəfəs aparatına qoşurlar”.

Yazıçı, həmçinin peyğəmbər nəslindən gəldiyini iddia edən şəxslərin daha çox kənd mühitində ortaya çıxmasını iqtisadi zəifliklə əlaqələndirib.

Onun fikrincə, kasıb mühitlərdə mənəviyyat insanların yaşamaq uğrunda mübarizəsində bir növ çıxış yoluna çevrilir.

Aqşin Yenisey hesab edir ki, mənəvi bərklik bəzən mərdlik kimi təqdim olunsa da, əslində, bu, çətin şəraitdə sağ qalmaq üçün formalaşan psixoloji müdafiə mexanizmidir.

Müəllif fikirlərini belə yekunlaşdırıb:

“Mənəviyyatın çarə olduğu hər yerdə mədəniyyət yoxdur. Mənəviyyat çarədirsə, o yaşamaq üçün deyil, ölməmək üçündür”.

Elmar
Gununesi.info