Vəzifəli şəxsin şəxsi maraqları dövlətə zərər vurmamalıdır - Komitə sədri

  • Müəllif: Orxan
  • 24 Noyabr 2026 13:06

Maraqlar toqquşmasının qarşısı alınmadıqda risk və itkilərlə üzləşən məhz dövlət olur.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında “Maraqlar toqquşması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, korrupsiya təkcə dövlət idarəetməsi və cəmiyyət üçün deyil, həm də iqtisadiyyat üçün ciddi fəsadlar doğuran “xəstəlik”dir:

“Onun ən böyük fəsadı resursların səmərəsiz bölgüsünə və istifadəsinə şərait yaratmasıdır. Nə qədər təəssüf doğursa da, maraqlar toqquşması özünü daha çox iqtisadi müstəvidə büruzə verir. Dövlətin marağı ondan ibarətdir ki, qərarlar ictimai mənafe və iqtisadi səmərəlilik əsasında qəbul edilsin. Lakin vəzifəli şəxsin özəl marağı həmin qərarın obyektivliyinə təsir göstərirsə və ya belə bir risk yaradırsa, burada maraqlar toqquşması meydana çıxır”.

Azər Əmiraslanov qanun layihəsində dövlət satınalmaları, müqavilələrin bağlanması və dövlət əmlakından istifadə ilə bağlı mühüm məhdudiyyətlərin nəzərdə tutulduğunu diqqətə çatdırıb:

“Əgər iqtisadi üstünlüklər müəssisələrin məhsuldarlığına, səmərəliliyinə və rəqabət qabiliyyətinə görə deyil, inzibati əlaqələrə və şəxsi maraqlara əsasən formalaşırsa, bu, sağlam rəqabətin inkişafına mane olur”.

Komitə sədri qanunun qəbulunun vəzifəli şəxslər üçün hüquqi məsuliyyətlə yanaşı, mənəvi məsuliyyət də yaradacağına ümid etdiyini bildirib:

“Haqsız rəqabətə rəvac verən birinin sağlam rəqabətdən danışmağa, investora və sahibkara münasibətdə ayrı-seçkiliyə yol verən bir başqasının əlverişli investisiya və biznes mühitindən bəhs etməyə, dövlət satınalmaları ilə bağlı şəxsi marağı və gözləntisi olan digər birilərinin isə səmərəli büdcə xərclərindən və şəffaf satınalmalardan təmtəraqlı söz açmağa yəqin ki, mənəvi haqqı çatmayacaqdır”.

A.Əmiraslanov rəhbərlik etdiyi komitənin qanun layihəsini dəstəklədiyini və birinci oxunuşda qəbulunu məqsədəuyğun hesab etdiyini bildirib.

Gununsesi.info