Naxçıvan Muxtar Respublikasına 2027-ci il dövlət büdcəsindən ayrılması nəzərdə tutulan dotasiyanın azaldılması məqsədəuyğun deyil.
Gununsesi.info xəbər verir ki, bu barədə parlamentin plenar iclasında çıxışı zamanı deputat Fazil Mustafa bildirib.
O deyib ki, gələn il Naxçıvana dövlət büdcəsindən 198 milyon manat dotasiya ayrılması nəzərdə tutulub. Bu isə əvvəlki illə müqayisədə 6,4 faiz azdır.
Fazil Mustafa hesab edir ki, Muxtar Respublikada mövcud vəziyyət nəzərə alınaraq dotasiyanın azaldılması əvəzinə, onun artırılması məsələsinə baxılmalıdır.
“Fikrimcə, bu məsələ üzərində biz bir də düşünməliyik, çünki yaxşılaşan vəziyyət hələ ki yoxdur. Orada hansısa islahatların, iqtisadi canlanmanın həyata keçirilməsi üçün çox ciddi təşəbbüslər var. Yeni idarəedicilər də bu istiqamətdə çox ciddi çalışırlar. Amma bütün məsələlərin sonu gəlib yol məsələsinə çıxır. Yol açılmadıqca hansısa ciddi layihəni arzuolunan səviyyədə həyata keçirmək mümkün olmur”, – deyə deputat bildirib.
O qeyd edib ki, Naxçıvanın sosial-iqtisadi inkişafına mane olan əsas amillərdən biri Muxtar Respublikanın Azərbaycanla quru nəqliyyat əlaqəsinin olmamasıdır:
“İran ərazisindən keçən marşrut üzrə də mövcud vəziyyət sabit daşımalar üçün arzuolunan imkanlar yaratmır. Yaxın tarixdə bizi Ermənistanla bağlı münasibətlərdə maraqlandıran ən vacib məsələ TRIPP layihəsinin icrasına başlanması və mümkün səviyyədə bu işlərin həyata keçirilməsinə bölgədə maneçiliyin törədilməməsidir. Yaxın illərdə bu layihənin icrası bizim ən böyük strateji hədəflərimizdən biri olan Naxçıvanla əlaqələrin quru yolunun açılmasına gətirib çıxara bilər və eyni zamanda Türkiyə ilə də birbaşa quru əlaqələrimizin qurulmasına imkan yaradacaqdır”.
Deputat Naxçıvanda sosial problemlərin, xüsusilə işsizlik məsələsinin də ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıb. O, səhiyyə sahəsindəki çətinliklərə də toxunaraq, müalicə üçün Bakıya gəlmək məcburiyyətində qalan sakinlərin yol və digər xərclərlə bağlı problemlər yaşadığını deyib:
“Bəzən səhiyyə sahəsində müəyyən kadrların böyük əksəriyyətinin Bakıda daha çox olması və orada bu sahədə müəyyən problemlərin olduğunu nəzərə alaraq əhalinin, xüsusilə də müəyyən xəstəliyə düçar olmuş insanların Bakıya gəlib-getməsi məsələsində ciddi problemlər yaranır. Bəzən müalicə olunmaqdan belə insanlar çəkinirlər. Çünki təyyarəyə bilet alıb gəlmək, yanında iki-üç nəfərlə gəlib bu müalicəni həyata keçirmək mümkün olmur”.
Deputat hesab edir ki, Naxçıvan sakinlərinin tibbi xidmətlərə çıxış imkanlarının yaxşılaşdırılması üçün də dövlət səviyyəsində əlavə dəstək mexanizmləri nəzərdə tutulmalıdır:
“Hələ ki yollar açılmadıqca, bu dotasiyanı azaltmaq doğru addım olmaz və bu məsələdə düşünmək lazımdır. Hökumət başqa imkanları nəzərə alaraq bunun əksinə artırmalıdır ki, heç olmasa xəstəliyə düçar olmuş insanlar pulsuz, ödənişsiz bir dəfə gəlib-getmək imkanı əldə etsinlər. Ən azı həyatlarını sürdürə bilsinlər. Digər məsələlərdə də bu insanların müəyyən sosial vəziyyətini yaxşılaşdırmaq üçün köməklik edilə bilər”.











