Müğənni Şəhriyar Məhərrəmov sosial şəbəkələrdə yayımlanan bayağı məzmunlar və onlara göstərilən maraqla bağlı tənqidi fikirlər səsləndirib.
Gununsesi.info xəbər verir ki, sənətçi TikTok platformasında üç gəncin canlı yayım zamanı “Maşın gəlir, ğın-ğın!” ifadəsini təkrarlayaraq çıxış etməsini, minlərlə insanın isə həmin yayımı izləyib onlara virtual hədiyyələr göndərməsini diqqətə çatdırıb.
Şəhriyar Məhərrəmov bildirib ki, onu düşündürən məsələ insanların pullarını hara xərcləməsi deyil, cəmiyyətin hansı məzmunları əyləncə və uğur hesab etməsidir.
O, bu cür yayımlara göstərilən marağın cəmiyyətin zövqü və dəyərləri barədə düşündürücü mənzərə yaratdığını qeyd edib:
“Bir cəmiyyətin səviyyəsini bilirsiniz nə müəyyən edir? Həmin cəmiyyətin nəyi izlədiyi, kimə heyran olduğu, kimə pul və diqqət ayırdığı”.
Müğənninin fikrincə, zəhmət çəkən, öyrənən, yaradan və sənət ortaya qoyan insanların diqqətdən kənarda qalması, əvəzində yaradıcı dəyəri olmayan məzmunların geniş auditoriya toplaması ciddi müzakirə mövzusudur.
Şəhriyar Məhərrəmov xüsusilə gənc nəslin bu mənzərədən təsirlənə biləcəyini vurğulayıb.
Onun sözlərinə görə, gənclər kamera qarşısında bir neçə mənasız hərəkət etməklə də pul və şöhrət qazanmağın mümkün olduğunu görür və bundan müəyyən nəticələr çıxarırlar.
Sənətçi TikTok-da əylənməyin qəbahət olmadığını, hər kəsin gülməyə və vaxt keçirməyə haqqı olduğunu da bildirib. Bununla belə, əyləncənin də müəyyən səviyyəsi və dəyəri olmasının vacibliyini qeyd edib.
Müğənni fikirlərinin sonunda valideynlərə də sual ünvanlayıb: belə məzmunlara baxan və hədiyyələr göndərən insanlar gələcəkdə övladlarına uğurlu həyat üçün nümunə kimi həmin şəxsləri göstərəcəklərmi?
Şəhriyar Məhərrəmov fikirlərini bu sözlərlə yekunlaşdırıb:
“Bir cəmiyyət nəyi alqışlamaqla da öz gələcəyini müəyyənləşdirə bilir”.
Elmar











