20 ABŞ konqresmeni – Respublikaçılar və Demokratlar – Prezident Donald Trampa müraciət edərək Rusiya Prezidenti Vladimir Putinin 2026-cı ilin dekabrında Mayamidə keçiriləcək G20 sammitinə dəvətinin ləğv olunmasını tələb ediblər.
Gununesi.info xəbər verir ki, konqresmenlərin müraciətində Rusiyanın İrana hərbi-kəşfiyyat dəstəyi göstərməsi, Ukraynaya qarşı müharibəni davam etdirməsi və ABŞ hərbçilərinin təhlükəsizliyinə yarada biləcəyi təhdidlər əsas arqumentlər kimi göstərilib.
Müraciətdə Rusiyanın İrana peyk görüntüləri və kəşfiyyat məlumatları ötürdüyü barədə məlumatlardan narahatlıq ifadə olunub. Bildirilib ki, bu məlumatlar ABŞ hərbi qüvvələrinin və hərbi obyektlərinin hədəfə alınmasında istifadə edilə bilər.
Konqresmenlər Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan aviabazasına İranın hücumuna da diqqət çəkiblər. Hücum nəticəsində 12 ABŞ hərbçisinin yaralandığı və ABŞ-a məxsus AWACS radiolokasiya təyyarəsinin məhv edildiyi qeyd olunub. Onlar Rusiyanın İrana ehtimal olunan kəşfiyyat dəstəyinin bu hadisələrlə əlaqəsinin araşdırılmasını vacib hesab edirlər.
Müraciətdə həmçinin Ukraynaya qarşı müharibə davam etdiyi halda Putinin ABŞ-da keçiriləcək beynəlxalq sammitə dəvət olunmasının qəbuledilməz olduğu vurğulanıb. Belə bir addımın Rusiya liderinin beynəlxalq təcriddən çıxmasına və Moskvanın siyasətinin legitimləşdirilməsinə xidmət edə biləcəyi bildirilib.
Konqresmenlər Rusiyaya qarşı iqtisadi təzyiqlərin zəiflədilməsini də tənqid edərək, enerji məhsullarının alınması və sanksiyalardan istisnaların verilməsinin Moskvanın iqtisadi mövqeyini gücləndirdiyini qeyd ediblər.
Onlar Tramp administrasiyasından Putinin G20 sammitinə dəvətinin dərhal ləğv edilməsini, Rusiyaya qarşı iqtisadi və siyasi təzyiqlərin davam etdirilməsini, eləcə də Moskvanın İrana mümkün hərbi-kəşfiyyat dəstəyinə görə məsuliyyət məsələsinin qaldırılmasını tələb ediblər.
Müraciətin diqqətçəkən məqamlarından biri onun ikipartiyalı olmasıdır. Belə ki, Putinin dəvətinə qarşı çıxan 20 konqresmenin arasında həm Demokratlar, həm də Respublikaçılar var.












