Soydaş İctimai Birliyinin sədri Kamran Ramazanlı Mübariz Əhmədoğlunun Gürcüstanda yaşayan azərbaycanlıların ünvanına səsləndirdiyi fikirlərə sərt etiraz edib.
Gununesi.info xəbər verir ki, Kamran Ramazanlı Mübariz Əhmədoğlunun Gürcüstandakı azərbaycanlıların İranın maraqlarına xidmət etməsi barədə iddialarının əsassız olduğunu və ciddi narazılıq doğurduğunu bildirib.
Onun sözlərinə görə, Gürcüstanda yaşayan soydaşlarımız həm bu ölkənin ərazi bütövlüyü uğrunda gürcülərlə birlikdə mübarizə aparıb, həm də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda çoxsaylı şəhidlər veriblər. O, həmçinin soydaşlarımızın Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin inkişafında mühüm rol oynadığını qeyd edib.
Dünya şöhrətli şəxsiyyətləri, dövlət xadimləri, elm adamları və idmançıları ilə tanınan bölgənin bütövlükdə hədəfə alınmasını tənqid edən Kamran Ramazanlı bunu savadsızlıq və cahillik adlandırıb.
Sədr bildirib ki, İranın regionda, o cümlədən Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı ərazilərdə ayrı-ayrı şəxslər vasitəsilə öz maraqlarını həyata keçirməyə çalışması ilə bağlı müəyyən problemlər mövcuddur. Onun sözlərinə görə, bu çətinliklərin aradan qaldırılması üçün konstruktiv təkliflər vermək əvəzinə, bütün icmanı təhqir etmək yolverilməz və bağışlanılmaz səhvdir.
Kamran Ramazanlı səsləndirilən fikirləri kəskin şəkildə qınayaraq Mübariz Əhmədoğlundan təcili üzr istəməsini tələb edib.












