Əsgər ailələrinin şikayətləri – mühüm təhlükənin “addım səsləri” – ARİF ƏLİYEV YAZIR (foto)

  • By admin
  • 20 Dekabr 2020 18:23

İşğaldan azad olunmuş ərazilərdəki hərbi hissələrdə sosial problemlər, haqsızlıqlar, hətta korrupsiya halları ilə üzləşmiş əsgərlərin şikayətlərini əks etdirən videoyazıların sayı artır.

 

İnternet kanallarda, şəbəkələrdə onlara getdikcə daha tez-tez rast gəlinir. Çarəsizlikdən kamera qarşısına çıxan hərbçilər arxada qoyduqları ailələrinin korluq çəkdiklərindən, cəbhədən dönmüş yaralı əsgərlər köməksiz qaldıqlarından danışırlar. Təbii ki, belə materiallar dərhal paylaşılır, onlar ətrafında müzakirələr açılır.

Bu, müharibənin bitdiyi, amma Qarabağ probleminin birdəfəlik həlli üçün çox işlərin hələ başa çatdırılmadığı indiki mərhələdə xalqın birliyinə, cəmiyyətin hakimiyyətə inamına zərbə vura biləcək bir təhlükənin yetişməsinin təzahürləridir.

Kimlərsə bizi problemi şişirtməkdə, ayrı-ayrı faktlar əsasında tələsik nəticə çıxarmaqda günahlandıra bilər və şübhə etmirəm ki, belə də edəcəklər, çünki burunlarının uclarından qabağı görmürlər, yuxarıdan göstəriş almadan heç o tərəfə boylanmaq da istəmirlər.

Amma dəfələrlə dediyimizi təkrarlamaq məcburiyyətindəyik: bu, əvvəlcədən gözlənilən və vaxtında tədbir görülməsə, daxildə narazılığı gücləndirə biləcək qədər mühüm bir prosesin “addım səsləridir”. Qələbə eyforiyası keçdikcə, müharibənin vurduğu yaraların, onun yaratdığı sosial, iqtisadi, psixoloji problemlərin ağrısı daha çox hiss olunmağa başlayacaq. İstər Qərb olsun, istər Şərq – bütün ölkələrdə, həmişə, hər yerdə belə olub və olacaq. İdarəçilik və nəzarət sisteminin qüsurları daha qabarıq üzə çıxacaq, məmur bacarıqsızlığı, vecsizliyi, rüşvətxorluğu və oğurluğuna qarşı dözümsüzlük azalacaq. Çünki qalib əsgər artıq əvvəlki, öz gücünə inamı olmayan, seyrçi gənc deyil, o, uğrunda can qoyduğu cəmiyyətdəki haqsızlıqlara daha kəskin reaksiya verir, dövlətini, bəlkə, üç ay qabaqkından daha artıq sevir, amma ondan da sevgisinə cavab, qayğı gözləyir.

Bizim şəraitimizdə vəziyyəti mürəkkəbləşdirən faktorlar da var. Bir tərəfdən, pandemiyanın ən ağır dövrünü yaşayırıq, sosial xidmətlər, səhiyyə sistemi imkanlarından xeyli artıq yüklənib. Bir ilə yaxındır ki, iş tapmaq da çətinləşib, əksəriyyət dövlətdən heç nə ummadan öz əli ilə öz başını dolandıra bilmir. Hərbi əməliyyatlar əsasən dayandırılsa da, ordunu ən yüksək döyüş hazırlığı vəziyyətində saxlamaq olduqca böyük resurslar hesabına başa gəlir. Digər tərəfdən, xarici təhdidlər güclənib. Müharibədən qalibiyyətlə çıxmış Azərbaycanın beynəlxalq vəziyyətini laxlatmaq, onu içdən parçalayıb zəiflətmək üçün göstərilən cəhdlərin yalnız bir qismi göz önündədir. Daxildə parçalanma və qarşıdurma yaratmaq üçünsə “əsgər haqqının yeyilməsi”, “əsgər ailəsinə laqeydlik” kimi mövzular sadəcə göydəndüşmədir. Feyklərlə problemi süni surətdə dərinləşdirmək üçün də bundan uğurlu mövzu tapmaq çətindir: nə yalançı döyüş səhnəsi yaratmağa, nə mürəkkəb montaja ehtiyac var – hərbi paltarda bir nəfərin başına maska keçirib hazır mətni ona oxutdurursan və bilirsən ki, hamı inanacaq. Niyə inanacaq? Çünki ictimai rəy bu cür məlumatları həzm etməyə hazırdır, çünki cəmiyyətdə barəsində danışdığımız problemin real kökü var.

Həmin kökü qoparmaq ilk növbədə siyasi rəhbərliyin öz marağında olmalıdır. Yəni, hökumət prosesi önləməli, onun ciddi narazılıq mənbəyinə çevrilməsinə yol verməməlidir. Bu, nə pandemiyaya, nə də erməni işğalına qarşı mübarizə aparmaqdan çətin vəzifə deyil. Söhbət heç maliyyə çatışmazlığından, yaxud ən yüksək səviyyədə korrupsiyadan da getmir. Orada kiminsə əsgərin siqaret, yaxud qazinin dərman puluna göz dikdiyini düşünmək sadəlövhlükdür. Amma son nəticədə narazılıq vektorunun hara yönələcəyi də bəllidir.

Ölkə rəhbərinin məramı və qərarları ortadadır. Prezident, demək olar, hər çıxışında ordunun təchizatından və əsgərə qayğıdan danışır, ehtiyacı olan bütün döyüşçü ailələrinə lazımi kömək göstərməyi tapşırır. Yaralıların və şəhidlərin yaxınlarının sosial müdafiəsi ilə əlaqədar son aylarda bir neçə qərar qəbul olunub, onların icrası üçün ən qısa vaxt təyin edilib, xüsusi yardım Fondu da yaradılıb. Və əgər hansısa ana müharibədə ayağını itirmiş oğluna dərman ala bilmədiyindən şikayətlənirsə, əsgər geridə qoyduğu ailəsi üçün “borc almağa adam qalmadığından” gileylənirsə, deməli, qayğı və yardım hər yerdə ünvanına çatmır. Deməli, problemin kökü idarəçilik və icra (o cümlədən bölgü) sistemində, bu sistemə nəzarətin olmamasındadır!

Elə bir vicdanlı icra başçısı təsəvvür edirsinizmi ki, onun rəhbərlik etdiyi rayonda əsgər balası aclıq çəksin? Bir rayondan cəbhədə nə qədər döyüşçü var ki, başçı onların arasında, ən azı, övladı olanların vəziyyətindən xəbər tutmağa çətinlik çəkir, amma biri həyətində hin tikəndə də məlumatı olur? Əgər təşkilat, ya rayon rəhbərlərindən biri ağır cəzalandırılsa, qalanları da görər ki, məsələ ölkə rəhbərinin birbaşa nəzarətindədir. Neyləyək, mövcud sistem elə qurulub ki, hələlik bunsuz işləmir.

Hərbçilərin bütün şikayətləri bir-bir yoxlanılmalı və onları yaradan səbəblər aradan qaldırılmalı, bu barədə mütləq məlumat verilməlidir. Ölkədə tək dövlət nəzarəti yox, ictimai nəzarət də, axır ki, işə salınmalıdır. Bunun üçün əsgərə və əsgər ailələrinə qayğıdan, yardımların ədalətli bölgüsünün təşkilindən uğurlu sahə ola bilməz . Şəhid ailələrinə və yaralılara dəstək üçün “Yaşat” Fondunun İctimai Nəzarət Şurası formalaşdırılmalıdır. Amma bu Şura cəmiyyətin etibar etdiyi və işlək adamlardan tərtib olunmalıdır. O, Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurası kimi əsasən dövlət qurumlarının nümayəndələrindən (???) və bir neçə “yorğun” ziyalıdan ibarət formal quruma çevrilməməlidir. “Yaşat” Fondunun Şurası sosial şəbəkələrdə, mətbuatda yayılan şikayətlərə, müraciətlərə də dərhal reaksiya verməli, onları yerli icra strukturları ilə birgə araşdırmalı, konkret təkliflər verməli, operativ yardım işlərinə ardıcıl nəzarəti həyata keçirməlidir. Bax bu, problemin həlli baxımından real və təsirli mexanizm olar. Əks təqdirdə nə baş verəcəyini də indidən söyləmək mümkündür: vaxtaşırı camaata Fonda nə qədər vəsait toplandığı elan olunacaq, onun necə və hara xərcləndiyini ictimaiyyət bilməyəcək, narazılıq isə artmaqda davam edəcək və görülən işin də dəyərini heçə endirəcək…

Qarabağa yol, işıq çəkmək, əlbəttə, lazımdır və çox vacibdir. Amma bu gün infrastruktura pul qoymaqdan da təxirəsalınmaz vəzifələrimiz var: insana pul qoymaq, onun mənəvi və fiziki sağlamlığına, varlığına təhlükələri aradan qaldırmaq, əsgərin “Arxamda Vətən dayanıb” inamının sarsılmasına imkan verməmək.

 

 

Gununsesi.info