Dövlət Departamenti Azərbaycanı yenə tənqid edib - YAP-çı DEPUTAT İSƏ DEYİR Kİ...

  • By admin
  • 23 Aprel 2024 12:45

ABŞ Dövlət Departamenti aprelin 22-də 2023-cü il üçün dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatı açıqlayıb.

Gununsesi.infonun xərinə görə, hesabatın Azərbaycana aid bölümündə sentyabrın 19-20-də Azərbaycanın Qarabağda keçirdiyi hərbi əməliyyatdan,  məhbuslara qarşı  rəftardan, ifadə və media azadlıqları sahəsindəki durumdan bəhs olunur.

Sənəddə vurğulanır ki, Azərbaycan hökuməti insan haqları pozuntularını törədən məmurların cəzalandırılması üçün inandırıcı addımlar atmayıb. Eyni zamanda 2020 və 2022-ci illərdə Azərbaycan ordusu tərəfindən törədildiyi iddia edilən hadisələrin araşdırılması barədə heç bir hesabat verilməyib.

Hesabatda qeyd edilir ki, Azərbaycanda qanunsuz həbslər, məhbusların elementar hüquqlarının pozulması, onlara qarşı pis rəftar, hüquq-mühafizə orqanlarında korrupsiya və cəzasızlıq sistemli və endemik şəkildə davam edir.

Bu da qeyd olunur ki, Azərbaycanda rəsmi zaminlik sistemi mövcud olsa da, ötən il ərzində bu sistemdən istifadə edilməklə həbsdən azad edilən olmayıb.

Hesabatda deyilir ki, Azərbaycanda şübhə doğuran ittihamlarla həbslər praktikasından geniş istifadə olunur. Qeyd olunur ki, söhbət ilk növbədə polisə müqavimət, qanunsuz narkotik maddə və silah saxlanması, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlardan gedir.

Hesabatda vurğulanır ki, hakimlərin və prokurorların prezident administrasiyasından və Ədliyyə Nazirliyindən verilən göstərişlərlə işlədiklərinə dair inandırıcı məlumatlar mövcuddur.

Bu da qeyd olunur ki, konstitusiyaya görə prokurorlar və vəkillərin statusları bərabər olsa da, hakimlər vəsatətlərə münasibətdə daha çox prokurorların mövqelərinə üstünlük verirlər. Hesabatda habelə saxta şahidlərdən geniş istifadə edildiyi qeyd olunur.

Dövlət Departamentinin hesabatında QHT-lərin məlumatına istinadən Azərbaycanda dekabrın 1-ə olan məlumata görə 254 siyasi məhbusun olduğu qeyd edilir.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə Gununsesi.info-ya müsahibəsində Dövlət Departamentinin hesabatının onu təəccübləndirmədiyini deyib.

Deputat bildirib ki, uzun illərdir ABŞ Dövlət Departamenti  eyni münasibəti sərgiləyir:”

Bugünə kimi Azərbaycanda ciddi islahatlar aparılıb. Avropa standartlarına cavab verən müasir qanunvericilik bazası yaradıllb. Hakimlər test yolu ilə seçilir. Bunlar nədənsə qeyd olunmur. Konkret fərdə qarşı olan məsələ bütünlüklə ölkənin adına yazılır.

Sənəddə  “Tərtər İşi” ndən bəhs olunur.Amma yazılmır ki, bu işə görə konkret adamlar məsuliyyətə cəlb olunaraq, məhkəməyə çıxarılıb”.

Məlahət İbrahimqızı deyir ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi ölkəmizə qarşı təzyiq və təhdidlərə səbəb olub.

Günay

Gununsesi.info