Əziz müəllimim… JALƏ MÜTƏLLİMOVA YAZIR

  • By admin
  • 04 Oktyabr 2019 11:37

Bəllidir, telefonda votsap qrupları yaradırlar valideynlər, məktəbə aid məsələləri müzakirə eləmək, bir sözlə dərdləşmək üçün. Üç övladı olan ana kimi mən də bir neçə belə qrupa ortağam. Görüb müşahidə elədiyim çoxlu sayda xoş olmayan məsələlər var. Bu gün onlardan biri haqda danışacam sizə. Daha doğrusu çox yüksək keyfiyyətləri ilə seçilən bir müəllimin, sinif rəhbərinin, başına gətirilənlərlə tanış edəcəyəm. Buna özünü müəllimə, direktora şirin satan bəzi valideynlərin votsap hoqqaları da demək olar.

Müəllim günü müəllimi təbrik etmək münasibəti ilə, valideyn komitəsinin sədri olan xanım, müəllimin “taskasını” yazıb digər valideynlərə. Məbləğə hamı razılaşıb. Qrup üzvlərindən hansısa eləməz tənbəllik yazışmaların çıxarışını əlinə alıb üz tutub müvafiq qurumlara şikayətə, imzasız ərizələr də yollayar. Ara qarışıb-məssəb itər bayram ərəfəsində. Hər kəs müəllimi hədəf edər. Niyə belə eləmisiniz? Belə olmaz! Ayıbdır! Biz rüşvəti yığışdırırıq, siz sifariş verirsiniz! Kimi ittihamla eşidən müəllim çaşıb qalır. Kimsəni belə bir sözü demədiyinə inandıra bilmir. And-aman eləsə də, çifayda, yəni faydası olmur. Kimdir ona inanan. Müəllimə baxır ki, ərizəni yazıb işdən getməkdən savayı yol yoxdur.

Nələrsə olmaya bilər amma ilahi ədalət deyə bir şey var. Onu necə deyirlər qul sıxışmazsa, xızır yetişməz…

Tam təsadüfən, valideynlərdən birində səhvən müəllimənin telefonuna gələn mesaj bütün düyünlərin açarı olur. Araşdırıb görürlər ki, şikayətləri edən məlliməyə ən yaxın, ən doğma olan biridir. Valideyn komitəsinin sədri olan xanım. Özünü müəllimə, məktəbə şirin edib, əslində günahsız yerə müəllimənin işdən atılmasına səbəb olacaqmış. Niyə? Burasını heç kim anlamadı. Bir o anlaşılandır ki, aramızda istəsək də, istəməsək də pis xislətli xeyli yatatıqlar var.

Müəllim günü o müəllimə ən böyük hədiyyə peşəsindən uzaq düşməmək oldu.

*

Xeyli tanıdığım təhsil yetkilisi var, söhbət zamanı onlara da deməkdən çəkinmirəm bunu. İllər öncə bizim təhsilimizi “müəllim haqsız olsa da, haqlıdır” prinsipi xilas edib, zirvədə saxlayıb. Yəni müəllimin üzərinə gedilmirdi valideyn sözü ilə. İndi bəzi hallarda ictimai qınağın kütləviləşməsinin qarşısını almaq, söhbəti böyütməmək məqsədi ilə təəssüflə qeyd eləyirəm ki, müəllimlərin üzərinə çox gedilir.

Cənab rəhbərlər, siz elə bilməyin ki, bununla ara sakitləşir, valideynlər daha nəsə etmir, danışmır, susur. Əsla! Gerçək bu ki, hər geri atılan bir addımda, hər edilən güzəşt, yumulan göz, müəllim peşəsi bir pillə nüfuzdan salınır. Müəllimi daha aciz, valideyn hegemon edir.

Yaxşı bəs müəllim aciz olsa nə baş verər, yəni kimdir müəllim?

Adam yetişdirmək, insan formalaşdırmaq istedadı olan varlıqdır müəllimlər. Yaxşı müəllim marşal rütbəsində olan zabit qədər var mənim gözümdə. Əminəm, dünya yaxşılardan xali olmadığı kimi bu peşənin də yükünü, məsuliyyətini şərəflə çəkən müəllimlər var. Bax indi o adamların bayramıdır, peşəsinin yükünü şərəflə daşıyanların.

Siz də dəyərli valideynlər müəllimlərin, məktəblərni ucdantutma, hamısını oyunlara gətirməyin. Təhqirə, yersiz tənqidlərə məruz qoymayın. Şəxsiyyəti sınmış adamdan, müəllimdən uşaqlarınız heç nə öyrənə bilməz. İnanın, siz özünüz də tələblərinizdəki qədər mükəmməl deyilsiniz. Qaldı müəllimlərə, onlar ən azı elə sizin özünüz qədər ərköyün uşaqlara insanlıq, vicdan, ədalət, haqq itirməmək, haqqa girməmək, vətən, vətəndaşlıq, ana, ata, böyük-kiçik, sevgi, diqqət, bir də bu gün az qala çıraqla gəzilən abır-həyanı öyrədirlər. Bu sadaladıqlarım nə sizin, nə də mənim təkbaşına bacaracağım iş deyil.
Və bir də bütün müəllimlərə ehtiram, sayğı, bayramınız mübarək müqəddəs peşə adamları…

Jalə Mütəllimova