Kolleclərə boş qalan yerlərə ixtisas seçimi başladı

  • Müəllif: Firuzə
  • 08 Sentyabr 2026 11:31

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə 8 sentyabrdan 10 sentyabr saat 23:59-dək ixtisas seçimi elan edilib.

Gununsesi.info   xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəs­sisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi 2026-cı il 8 sentyabrdan 10 sentyabr saat 23:59-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib //www.e-gov.az/az/services/read/3149/2 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni doldurmalı və təsdiqləməlidirlər.

İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəy­yənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabi­qədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

Boş qalan yerlərin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub. Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq,  www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür.  //shorturl.at/B4g0M

Jurnalın elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında ödəniş etməklə əldə etmək olar.

Gununsesi.info