150 manat borca görə biri öldü, ikisi uzunmüddətli həbsə getdi…

  • By admin
  • 15 Mart 2018 12:42

 

Bakıda fəhlə işləyən 23 yaşlı Kamran Quliyev  iş yoldaşından aldığı 150 manat borcu qaytara bilmədiyinə görə öldürülüb. İndi həmin qətl hadisəsi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Gununsesi.info xəbər verir ki, Maştağa qəsəbəsində baş vermiş bu qətlə görə məhkəmə qarşısına çıxarılan iki nəfər – Vüqar Əlizadə və İlham Əliyevin əvvəllər yaxın münasibəti olsa da, indi bir-birinə düşməndilər. Hətta məhkəmədə də onlar eyni qəfəsə salınmır ki, bir-birinə xəsarət yetirməsinlər.

Vüqar deyir ki, Kamranı İlham öldürüb, İlham da bunun əksini iddia edir.

Bu gün məhkəmədə Vüqar Əlizadənin anası Tünzalə Əliyeva ifadə verib. Ana iddia edir ki, oğlunun bu işdə əli yoxdur, Kamalı İlham Əliyev öldürüb: “Oğlum ona bir bıçaq vurub. Səbəb də söyüş olub. Oğlumun başqa təqsiri yoxdur. Bunun hamısı İlhamın işləridir. O, cinayəti oğlumun boynuna yıxdı”.

Tünzalə Əliyevanın sözlərinə görə, digər təqsirləndirilən İlham Əliyev oğlunu aldadıb və cinayəti onun boynuna qoyub: “Hadisə vaxtı oğlum ona bir bıçaq vurub. Sonra da qətli törətdiyini ona görə boynuna alıb ki, fikirləşib, bəlkə həmin bir zərbədən ölüb. Amma İlhamın ona vurduğu zərbələrdən xəbəri olmayıb. İlhamın yalan ifadələri ilə işi oğlumun üstünə atdılar”.

Şahid deyir ki, oğlu bu cinayəti boynuna alması üçün təzyiqə məruz qalıb, döyülüb.

Təqsirləndirilən İlham Əliyev isə şahidin yalan danışdığını bildirib: “Qətlə görəVüqar tutulmuşdu. 3 gün sonra yalandan dedilər ki, qətli mən törətmişəm. İlhama da anası öyrətmişdi ki, yalan ifadə versin. İstintaqda da Vüqar bunu etiraf edib. Vüqar ifadəsində deyib ki, anası ona zəng edərək işi mənim boynuma atmasını deyib. Anası Vüqara deyib ki, qardaşların var, əgər belə etməsən onlarla ölənin yaxınları arasında düşmənçilik olacaq. Sabunçu Rayon Polis İdarəsində bunun videoçəkilişi var. Mən vəsatət verdim ki, bu görüntü çıxarılsın”.

Onun sözlərinə görə, Kamrana bütün bıçaq zərbələrini Vüqar Əlizadə vurub: “Bu işdə Nicat da olub. Amma Nicat ona bıçaq vurmayıb. Nicat Kamranı tutmuşdu. İndi məhkəməyə gəlib ifadə vermir”.

Vüqar Əlizadə isə istintaqda iki dəfə fərqli ifadə verib. Məhkəmədə ondan bunun səbəbini soruşanda belə cavab verib: “İlham yalvardı ki, 3 övladı var. Dedi ki, bıçaqlanan adam ölməyib, sadəcə ürəyi gedib. Mən ona bir bıçaq vurmuşdum. Amma polisdə öyrəndim ki, bir neçə bıçaq dəyib. Orada polisə də dedim ki, digər bıçaqları İlham vurub. Sonra da İlham həbs edildi. Polisdə mənə təzyiq oldu. Yenidən ağ vərəqə imza atdım. Həmin ifadəmdə də yazılıb ki, guya qətli mən öz boynuma götürmüşəm”.

Məhkəmə hadisənin əsas şahidi olan Nicat adlı şahidin gətirilməsi üçün martın 19-na təxirə salınıb.

İttihamda yazılıb ki, 25 yaşlı Vüqar Əlizadə Kamrandan 150 manatı qaytarmasını istəyib. Lakin Kamran Quliyev imkanı olmadığını deyib, ona bir neçə gün möhlət verməsini istəyib. Vüqar Əlizadə isə razılaşmayıb, kifayət qədər gözlədiyini deyib. Bundan sonra yaranmış mübahisə birinin ölümü, daha iki nəfərin həbsi ilənəticələnib.

Gülər

Gununsesi.info