Ötən gün motosikletçilərin iştirakı ilə baş verən qəzada gənc oğlan həyatını itirib.
Gununsesi.info xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iyulun 10-u günorta saat 4 radələrində paytaxtın Xətai rayonu ərazisində 22 yaşlı Amin Cəfərovun idarə etdiyi motosikletlə, onunla eyni istiqamətdə hərəkətdə olan digər motosikletçi – 21 yaşlı Elşən Hüseynovun idarə etdiyi motosikilet toqquşub.
Yüksək sürət və kobud qayda pozuntuları ilə müşahidə olunan qəzada Amin Cəfərov hadisə yerində həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə müraciət edərək onları yol hərəkəti qaydalarının həyat əhəmiyyətli olduğunu unutmamağa, təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır!











